
Şəklini gördüm, "necə yaşlanıb" dedim, hər şey bir anda unuduldu, ilk ağlıma gələn bu oldu. Göz yaşlarım boğazımda düyünləndi. Kaş ki, daha cavan qalsaydın. Kaş ki, baxışların içimdəki sərt buzları əritməyəcək qədər sərt olsaydı. Gözlərində peşmanlıq, qocalıq, bütün yaşadıqların cəmlənmişdi. Bütün bunları bir şəklindən anlaya bildiyim üçün özümü özümdən gizlədirəm. Ağ saçların, üzündəki qırışlar, enli kürəklərinin bir az bükülərək qabağa gəlməsini heç təsəvvür etməmişdim. Amma ətrafı qırışlanan gözlərinin içi hələ də parıldayır. Metroda gedərkən saçlarına bir az ağ düşüb deyə yer verməyim üçün zillənərək başımın üstünü kəsdirən, gombul-qarın kişiləri görəndə "Sən olsaydın heç durmağa qoymazdın" deyə düşünürəm. Məsafələrdən uzun illərə sığdırdığım kimisən ya fərqli? Bu qədər yaxın ikən bu qədər uzaq... Bu qədər uzaq ikən bu qədər yaxın... Bəlkə səsinin dəyişdiyi kimi özün də dəyişmisən... Bu dəyişiklik nəyi dəyişəcək? Vaxtında olmayan dəyişikliklər bir çox şeyləri dəyişdi... Kaş ki, bir nümunə yaratsaydın, mən də o nümunə ilə ölçsəydim hər kəsi. Seçimlərim asanlaşsaydı... Nə vaxtını keçmiş uşaqlıq qalardı nə də vaxtından tez böyümək olardı. Xətrimə dəydiklərində səninlə hədələyə bilərdim. Sən varsan deyə incitməkdən çəkinərdilər. Amma bəlkə də elə bunun sayəsində insan köklərindən qopub özünü qorumağı öyrənir. Səni əzbər bilməli olduğum vaxtda hərif-hərif öyrənməyə çalışıram. Bəlkə də özümü səndə öyrənməyə çalışıram. Bəzən sanki, yanlışları çox olan ömürdən öyrənməli daha çox şey olur. Səbəblərimi səndə axtarıb tapacam kimi gəlir. Bu gələcəyin keçmişinə dönmək kimidir. Nə qədər irəli gedirsən get, ən başına dönməli olursan.