Dec 30, 2012

Kədər balalarım


Heç birimiz mələk deyilik. Qanadlarımız filan da yoxdur. Nəticədə, hər birimiz nə vaxtsa birilərinin qəlblərini qırmışıq. Yəni, o qədər də mələk filan deyilik...

Kövrəlməmək üçün istifadə etdiyim üsulları paylaşmaq qərarına gəldim, bəlkə kiminsə işinə yarayar:

Ağlamaq? Dayan orda. Ağlamağı hər kəs bacarır. 'Ay necə də ürəyi yumşağam mən' demək deyil ağlamaq. Hətta, qatillər belə birinin canına qıydıqdan sonra oturub hönkür-hönkür ağlayarlar. Və həm də səndən, məndən daha duyğusal. İki damla yaş axdı deyə özümüzü dərhal dəyərli bir şey hiss etməyimiz lazım deyil. Nostaljik, romantik abu-havalara ehtiyac yoxdur.

Məsələn, məni kövrəltmək istəyən bir şey olanda özümü yer planetindən çıxardıram. Yuxarılardan yerə baxıb özümü tapmağa çalışıram. Əgər nə vaxtsa tapsam oturub hönkür-hönkür ağlamaq şansı verəcəm özümə. Ən ağlamalı hind kinolarını tapıb baxacam. Gözlərimi üç gün çölə çıxa bilməyəcək qədər qızardacağam. 'Əlbəttə, çox axtararam. Eh, mən elə bu boyda imişəm?' deyirəm. Bap-balaca canımı nə çox istəyirmişəm. Biz də qarışqanı adam yerinə qoymuruq. Halbuki, yuxarılardan baxanda heç qarışqa qədər də görünmürük. Bu vəziyyətdə qarışqa bizdən daha çox adamdır.

Ən çox incitdiyim insanları yadıma salıram. Hal-hazırki vəziyyətim onlarınkından daha çox acınacaqlıdırsa onda deməli kövrəlmək haqqım yaranır. Sizi bilmirəm, amma mən hələ ki incitdiklərimdən daha çox məni incidənini tapmamışam. Və yaxud da başqa bir şey fikirləşmək olar. Bizi incidən insanlara qarşı nə zamansa bir yalanımız, qeyri-səmimiliyimiz,  mənfur planımız olub. İçimizdən keçənlərdən utanıb kövrəlməyi durdura bilərik.

Ən çox işə yarayan üsulların başında da bəzi qadağalar dayanır. Adamı incidən hadisəni, insanı, heyvanı hər nədirsə onu gün ərzində xatırlamaq limitini müəyyənləşdirməliyik. Məsələn, ilk günlər 5 dəfə, sonrakı günlər 3 dəfə, sonra 1 dəfə xatırlamağa icazə verə bilərik. Bu mərhələni uğurla keçdikdən sonra artıq ilk yada düşdüyü zaman 3-ə kimi sayaraq yaddan çıxartmaq lazımdır.

Yuxarıda sadalananların heç biri işə yaramazsa bir həftə, bir ay, bir il sonrasını düşünməyə başlayırıq. Bir il öncə bizi kövrəltməyə çalışanların üzərimizdə olan bugünki təsirini nəzərdən keçiririk. Gələn il sağ qalsaq aşağı-yuxarı bu qədər təsirsiz olacaq bugünkilər də.

Gülüşlərimiz və göz yaşlarımız arasında bu qədər ayrı-seçkilik qoymamalıyıq. Hamısı bizim balalarımızdırlar. 
Bugünki kədərlərimiz də sabah yanağından çimdik qopardacağımız şirin xatirələrə dönüşəcəklər.

Mənim sadəcə zamana heyifim gəlir, yoxsa oturub hönkür-hönkür ağlamağa nə var ki... 


Nov 25, 2012

Istanbul



İstanbul-çərçivələrə sığmayan, qanunları pozan, sərhədləri aşan şəhər.

Bir az pozulmuş amma saflığını itirməmiş. İtirməmiş olsa belə axtarıb tapa bilməzsən. Çox dərinlərdə bir yerdə qalmış. 
Kimliyini gizlədən şəhər.

Daha çox qadına bənzəyir. Yoldaşını müharibədə itirmiş, tək başına həyata bağlanmış. Alçaq-alçaq insanlarla mübarizə aparmış. Həyatın hər üzünü görmüş, öz üzünü itirməmiş biri.

Yorulmuş, özünü unutmaq üçün oturub siqaret çəkmiş, içmiş, mahnılar bəstələmiş. Amma qəlbinin küncündə kiçik imanını canavarlara heç yem etməmiş. Həm azadlığın qapılarını açmış, həm də çox uzağa getməsin deyə şəhərin dörd yanından azan səsini yüksəltmiş. Gecələrin əyləncəsini səhərlərin azanı ilə yumuş.

İstanbul-Göyçək Fatmanın nağılına bənzəməz. Su pərisi heç olmadı.
Məsələn, İstanbulun-nağılların balaca, şirin şahzadəsi ola bilməsi üçün çəhrayı donu olmadı heç. Sığalını özü çəkti başına.

Bir-birinə bənzəməyən, qarışıq-qarışıq tiplərə qoynunda yer verə biləcək qədər anlayışlıdır o. 

Ağlasan səninlə ağlayar, gülsən səninlə gülər.

İstanbul-özünü itirmiş uşaq kimidir. Hər şeydən dadmaq istəyi var içində. 
Yağışın altında ayaqyalın islananlardandır İstanbul.

Tutunacaq sütunları olmayan asma körpülərindən bilinir nə qədər cəsur olduğu. 

Səni çətinliklərə salmaqdakı məqsədi- öz ayaqların üzərində dura bilməyi öyrətmək üçündür.

İstanbul sanki deyir- məni ya olduğum kimi sev, ya da sevmə. Məni böyüdən yaralarımı mənə unutdurmağa çalışma. Məni dəyişdirmədən sev.

Turistlərin gözlərini oxşamaq üçün dağılmış, tor basmış binalarını yenidən bərpa etməzkən sanki- sənə gözəl görünmək üçün topuqlu ayaqqabılarda şam yeməyinə gəlməyəcəm deyir.

Köhnəlmiş, sınıq-sökük, yarıçılpaq binaları yetim uşaq kimi onu atıb getməyəsən deyə yalvarır. 
Amma qürurludur İstanbul. Sınar əyilməz, əzilər ağramaz.

Keçmişinə bağlıdır, amma hər zaman gələcək qədər yenidir.

Kimsəyə aid ola bilməyəcək qədər azad, lakin, sənə özünü tənha hiss etdirməyəcək qədər yaxındır.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Başımda eski alemlerin sarhoşluğu
Loş kayıkhaneleriyle bir yalı;
Dinmiş lodosların uğultusu içinde
İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Bir yosma geciyor kaldırımdan;
Küfürler, şarkılar, türküler, laf atmalar.
Bir şey düşüyor elinden yere;
Bir gül olmalı;
İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Bir kuş çırpınıyor eteklerinde;
Alnın sıcak mı, değil mi, biliyorum;
Dudakların ıslak mı, değil mi, biliyorum;
Beyaz bir ay doğuyor fıstıkların arkasından
Kalbinin vuruşundan anlıyorum;
İstanbul'u dinliyorum. 

Orhan Veli Kanık

Nov 11, 2012

Çıxıb getsək bu şəhərdən



Çıxıb getsək bu şəhərdən
Küçələri pişik balaları ilə dolu olan bir şəhərə.
Çıxıb getsək bu şəhərdən
Yollarında balaca qız uşaqlarının
üzünə baxıb gülümsədiyi bir şəhərə.
Asta qaçan namərddir deyib qaçsaq,
Arxanı unutsaq, irəli baxsaq.
Olarmı ki?
O da olmaz.
Tüpürsək bu şəhərin özündən başqa hər şeyinə,
Qanunu pozan qanunlarına,
Boyunlarını şişirdib, beyinlərini boşaldan 
Polad Ələmdar oğlanlarına.
Dodaqları qulaqlarının dibinə qədər uzanan,
qaşları alınlarına çatan tatuajlı, selikonlu qızlarına.
Özündən başqa heç kimi bəyənməyən tiplərinə.
Tüpürsək,
Və buraxsaq bu şəhəri
öz "toxunulmamış" mələkləri ilə,
Ağ atlı şəhzadələri ilə baş-başa.
Biz nə avrovizyonlarına sevindik,
nə də Rihannanın gəlişinə həyəcanlandıq.
Biz mələk ola bilmədik,
bağışlasın bizi bu şəhər.
Tüpürsək,
Zibil qoxan küçələrinə,
Həmçinin, insanlarına
Və çıxıb getsək.
Başqa şəhərlərdə yenidən doğulsaq
Və xoşbəxt olsaq.
Günləri aylara, ayları illərə satmasaq,
Arzuları adətlərə satmasaq,
Ruhumuzu, qəlbimizi, 
özümüzü satmasaq bu şəhərə.


Sep 29, 2012

Dünyanı yaxşılıqlar xilas edəcək



Bu s
əhər evdən çıxanda həyəti süpürən xala üst-başım toz olmasın deyə mən keçənədək gözlədi. Çox qabiliyyətli deyiləm bu məsələlərdə, yalnız ürəyimdə 'Allah razı olsun' deyə bildim. Qarşılıqlı baxışaraq dünyaya müsbət enerji ötürdük həmin an. Və düşündüm ki, dünyanı yaxşılıqlardan başqa nə xilas edə bilər ki?! 

Avtobusda yer verdik deyə xoş gülümsəmə ilə "çox sağol qızım, ver çantanı saxlayım" deyən bütün xalalara təşəkkür edirəm. 

Həmçinin, anamın əlindəki ağır çantaları görüb, kömək etmək üçün qarşısına qaçan bütün  məhlə uşaqlarına təşəkkür edirəm.

Şəffaf şüşə arxasında əyləşən metropoliten işçilərini robot hesab etməyib onlara "salam, sağol" deyən hər kəsə təşəkkür edirəm. 

Hal-əhvalımızı sözgəlişi deyil, ürəkdən soruşan hər kəsə təşəkkür edirəm. Hərdən insan elə istəyir ki, kimsə ondan "necəsən?" soruşsun.

Uşaqlıqdakı xalalar da bir başqa idilər. 
Kiçik səhvlərimizi görməməzlikdən gəlirdilər. Sanki, o zamanlar qarnı gombul dayılar, qiybətçi xalalar yox idi heç. İndiki xalalar kimi müqəddəs "vay, vay, vay" kəlməsini demək üçün bəhanələr axtarışında deyildilər.

 gördüksə uşaqlıqda gördük deyəsən. Böyüməyimiz əsəbi sürücülərin, basa-bas, iylənmiş qatarların zamanına təsadüf etdi. 'Zəhmət olmasa'ların, 'xahiş edirəm'lərin buxarlanıb, bütün cümlələrin felin əmr şəklinə keçdiyi dövrə gəlib çıxdıq. Heç kəsə məhəl qoymayıb, metro kartını doldurmaq üçün növbə gözləyən hər kəsə təşəkkür edirəm. 

10-15 qəpiklik, çəhrayı, köpüklü, çiyələk qoxan kokteyllər üçün çox darıxmışam. Bir də sanki, uşaqkən sevgi daha çox idi. Hara baxırdın, kimə baxırdın hamı birini sevirdi. Sevməyə adam da çox idi. İndilərdə qəsdən vurulmaq istəsən də birini tapmazsan. Məktəbdən evə qayıdarkən anam üçün bir əlimin beş barmağını da mənə aşiq olanların adını saymaqla doldurduğum olurduBizi qarşılıqsız sevən, bəyənən, kiçik və ya böyük bir şeylər hiss edən hər kəsə təşəkkür edirəm. 

Bu günlərdə kimə baxırsan tələsir. Bir gülüşə, bir salama, bir sağola vaxtımız yoxdur. Prinsiplər dəyişib: hansı yolla, necə olursa təki OLSUN və hər şey mənim olsun. 

İndilərdə çox şeyi olanlar dəbdədir. Nəyi necə əldə edənlər deyil. 

İndilərdə çox olmaq, bol olmaq, şişmək, enəlmək, əmr etmək o qədər dəbdədir ki. 
 
Dəyərlərin öz dəyərini itirdiyi zamandayıq. 60-cı illərdə doğulacaqdım mən. 41-45-lərdən qalanlarla rastlaşmaq ehtimalım da çox olacaqdı.

Aug 9, 2012

Bilmirəm ki...


Bilmirəm ki,
bu maraqlar qisasını alacaqmı məndən?
Deyəcəklərmi daddın bizi, indi də cəzasını ödə.
Bilmirəm ki,
Yapışıb qalarlarmı yaxama?
Gecə yuxularımın kabusu olarlarmı?
Başımı döndürən şirin xəyallara dönüşüb
Sonra ağzımda acı bir dad buraxarlarmı?
Bilmirəm ki,
İçimin içini acıdarlarmı?
Gecə yatarkən anamın qoynuna sığınarammı?
“Mama, başımı tumarla, mən çox ağrayıram” deyərəmmi?
“Mən çox qorxuram, Allahım, məni tək buraxma” deyə
səhərlər dualara başlayarammı?
Bilmirəm ki,
“Mən çox güclüyəm” kimi dediklərim,
Mənim çoxlu “Mən, Mən, Mən”lərim
burda da işə yarayarlarmı?
“Yox, bu bizlik deyil” deyib də
üzlərini çevirib getməzlərmi?
Bilmirəm ki,
Sonu yaxşı olanların əvvəli necə başlayıb.
Bu da sonu yaxşı olanlardandırmı?
Asta-asta gedişlər, güclü partlayışlara gətirər deyə qorxuram.
Və ümumiyyətlə,
yox, mən qorxaq deyiləm, doğurdan deyiləm,
amma mən qorxuram, həm də çox qorxuram.
Bəzən eynəyimin arxasında gizlənirəm,
Burdan məni heç kim görmür.
Gözəgörünməzəm burda mən.
Görünməkdən, baxılmaqdan, 
Tapılmaqdan qorxuram mən.
Dərdim unutmaq deyil ki,
unudulmağa məcbur olub da
unudula bilməməkdən qorxuram mən.
Bilmirəm ki,
Toxunsam,
Quma çevrilib, ovularaq yerə tökülərmi o?
Və arxada yaşanmış böyük bir boşluq buraxarmı?
Həm də incidən bir boşluq...

Aug 5, 2012

Məsələn, biriləri olsa



Məsələn, biriləri olsa
Dostunmu, sevgilinmi
Nə olduğu tam bilinməsə.
Gözünün qarası axar deyə
yanında ağlamaqdan utanmasan.
Güləndə qəhqəhən göylərə ucalır deyə
özünü tutub saxlamasan.
Məsələn, biriləri olsa
Yuxuda qorxdun deyə gecəyarısı saat üçdə
düşünmədən zəng edə bilsən.
Mənasız qorxularını belə
bölüşə bilsən.

Məsələn, ildırımların çaxmasından,
Qatarı gözləyərkən platformadan yıxılacağından,
Çox erkən dünyanı tərk edəcək kimi olduğundan,
Dişin sinirlərini çıxaran
o nazikuclu əclaf alətdən
Necə qorxduğunu anlatsan.
Məsələn, biriləri olsa
Hər səhər sənə
"Hər şey çox yaxşı olacaq" deyə bir not qoysa.
Gedərkən hər zaman "görüşərik" desə
və bu görüşlər heç bitməsə.
Məsələn, biriləri olsa
Yanında dəyişmədən qala bilsən.
Dünyanın ən yaxşısı olmağa məcbur olmasan.
Özün olmağın dadını çıxarsan.
Məsələn, biriləri olsa
Keçmiş sevgililərindən danışsa.
Qırılacağını gözə alacaq qədər dürüst olsa.
İncidə biləcək qədər səmimi.
Məsələn, biriləri olsa
Küləyə, qasırğaya, tufana inad,
Payıza inad, qışa inad,
Bir yerə toplaşıb pıçıldaşan insanlara inad,
Dünyanın qondarma qanunlarına inad olsa.
Çox deyil          
Məsələn, biriləri olsa...

Jul 28, 2012

Önəmli olan


Önəmli olan eyni səmtə baxmaqdır.
Hətta, fərqli yerlərdən olsa belə. 
Hətta, çox uzaqlardan,
gözlə görülməyəcək qədər uzaqlardan olsa belə.
Önəmli olan eyni yerdə olub,
lakin, fərqli səmtlərə baxmaq deyil.
Önəmli olan toxuna bilib də,
hiss edə bilməmək deyil.
Önəmli olan öpmək deyil,
əlini tuta bilmək, bağrına basa bilməkdir.
Önəmli deyil tələsərək tez çatıb
sonra yarıda qoyaraq ömürlük gecikdirmək.
Gözləyə bilmək önəmlidir,
lakin, daha önəmlisi gözlətməməkdir.
Ən kiçik kədərə belə gülməyi bacarmazkən,
önəmli deyil gülməkdən uğunmaq.
Önəmli olan qəmli ikən güldürməkdir.
Hamı geri çevirərkən, qapıları üzünə açmaqdır.
Hamı danlayarkən tərifləməkdir.
Yalançı şahidlərlə günahkar çıxarkən,
inana bilməkdir.
Önəmli olan
məğlubkən qalib görə bilməkdir.
Boşluqlara düşməsin deyə, arxasına keçməkdir.
Önəmli deyil əməllərə baxmaq.
Önəmli olan səbəbləri araşdırmaqdır,
hətta araşdırmadan belə güvənməkdir.
Önəmli olan nə arxasında, nə qarşısında,
sadəcə, yanında gedə bilməkdir.
Önəmli olan özündən daha çox ona güvənməkdir.
Onun özünün özünə güvəndiyindən də daha çox,
sənin ona güvənə bilməyindir.
Önəmli deyil toya gedərkən gözəlliyinin fərqinə varmaq,
önəmli olan səhər oyanarkən sevə bilməkdir.
Önəmli deyil ayrılıqlarda darıxmaq,
önəmli olan yanındaykən belə darıxa bilməkdir.
Əli əlindəykən itirməkdən qorxmaqdır.
Önəmli olan geri qaytarmaq deyil,
getməzdən öncə qapıları bağlamaqdır.
Bir də önəmlisi BÜTÜN ADDIMLARI
ÇOX GEC OLMADAN ATA BİLMƏKDİR.