May 16, 2012

20 il 2 gün

          
Hər zaman aramızda 20 il və 2 gün fərq oldu. Bu qədər yaxın tarixlərdə doğulsaq da hamı hər zaman çox fərqli olduğumuzu söyləyir. Amma mən səndən uzaqlarda sən oluram bir az. Həm də getdikcə daha çox. Bunu ancaq ayrı qaldığım zaman anladım. Qızlar analarından nə qədər fərqli ola bilərlər ki? Mən səninlə birlikdə mən imişəm. Sən mənim bütün həyatımı doldurubmuşsan. Həyatımın bir ucunu mən, bir ucunu sən daşıyırmışsan. Musiqisini xatırlamıram, amma belə bir mahnı sözləri var idi "Ağlarsa, anam ağlar. Gerisi, yalan ağlar." O qədər yaxşı anlayıram ki, indi bunu. Bütün tökülən göz yaşları səninkinin yanında anlamsız qalır. Bütün tökülən göz yaşlarımın başqalarının qarşısında anlamsız qaldığı kimi. Həqiqətən, kim bizim üçün anadan daha çox ağladı ki? Yıxıldınmı, əzildinmi? İncitdilərmi, qırdılarmı? İnanmadılarmı, qınadılarmı? Tərk etdilərmi? Yalnız anan bilir, sən həmişə haqlı idin, güclü idin, seçilən sən olmalı idin. Və həmişə də sən daha yaxşısına layiq idin. Anaların da bu daha`ları, ən`ləri, lap`ları heç bitməz ki. Hardasa ağ at üstündə ərəb şəhzadəsi gəlsə,o sənə heç layiq deyil” deyəcək. 

Beş il sonra belə soruşmaq istəyəcəyim bütün sualların cavabları onda cəmlənmişdir. Anam mənim üçün ensiklopediyadı, googledı, wikipediadi. Məsələn, mən sabahki havanı heç vaxt sinoptiklərdən deyil, həmişə anamdan müəyyənləşdirmişəm. "Mama, sabah hava necə olacaq?" deyə hər axşam soruşuram. "Sabah hava yaxşı olacaq" dediyində hələ  havanın pis olduğu səhər heç açılmayıb. Mən sinoptiklər, meteoroloqlar bilmərəm, mən anama inanaram. Məsələn, anamın tapa bilməyəcəyi şəkildə bir əşya itə bilməz. Anam hər şeyi tapar. Superman atalara deyirlər adətən, amma  anam superman`imdir mənim. Gördüyüm bütün man`lardan daha man`dir. Bir az ondan keçmişdir bəlkə mənə də. Woman ola bilməyəcək qədər manam. Bir də ürəyini açsalar, boşaltsalar... Amerikalılar atom bombasını İranda axtarmaqdan vaz keçərlər.

Sənə göstərmək istədiklərim o qədər çoxdur ki. Onsuz da sənin görə bilməyəcəyin heç nəyi ümumiyyətlə, göstərmək istəmirəm. Bütün uğurlarımın arxasında sən dayanmısan, uğursuzluqlarımın arxasında səni dinləməməyim. Mən yeni dərk elədim bunu, sanki, şüurumun altında hər zaman "Mama, bax, mən necə ağıllı qızam" dayanıbmış. Və çalışdığım hər şey bu cümləni qura bilməyim üçün imiş. Sən çox yaşa mama, yaxşı? Gəl, 20 il 2 gün adətini heç pozmayaq.