Sep 29, 2012

Dünyanı yaxşılıqlar xilas edəcək



Bu s
əhər evdən çıxanda həyəti süpürən xala üst-başım toz olmasın deyə mən keçənədək gözlədi. Çox qabiliyyətli deyiləm bu məsələlərdə, yalnız ürəyimdə 'Allah razı olsun' deyə bildim. Qarşılıqlı baxışaraq dünyaya müsbət enerji ötürdük həmin an. Və düşündüm ki, dünyanı yaxşılıqlardan başqa nə xilas edə bilər ki?! 

Avtobusda yer verdik deyə xoş gülümsəmə ilə "çox sağol qızım, ver çantanı saxlayım" deyən bütün xalalara təşəkkür edirəm. 

Həmçinin, anamın əlindəki ağır çantaları görüb, kömək etmək üçün qarşısına qaçan bütün  məhlə uşaqlarına təşəkkür edirəm.

Şəffaf şüşə arxasında əyləşən metropoliten işçilərini robot hesab etməyib onlara "salam, sağol" deyən hər kəsə təşəkkür edirəm. 

Hal-əhvalımızı sözgəlişi deyil, ürəkdən soruşan hər kəsə təşəkkür edirəm. Hərdən insan elə istəyir ki, kimsə ondan "necəsən?" soruşsun.

Uşaqlıqdakı xalalar da bir başqa idilər. 
Kiçik səhvlərimizi görməməzlikdən gəlirdilər. Sanki, o zamanlar qarnı gombul dayılar, qiybətçi xalalar yox idi heç. İndiki xalalar kimi müqəddəs "vay, vay, vay" kəlməsini demək üçün bəhanələr axtarışında deyildilər.

 gördüksə uşaqlıqda gördük deyəsən. Böyüməyimiz əsəbi sürücülərin, basa-bas, iylənmiş qatarların zamanına təsadüf etdi. 'Zəhmət olmasa'ların, 'xahiş edirəm'lərin buxarlanıb, bütün cümlələrin felin əmr şəklinə keçdiyi dövrə gəlib çıxdıq. Heç kəsə məhəl qoymayıb, metro kartını doldurmaq üçün növbə gözləyən hər kəsə təşəkkür edirəm. 

10-15 qəpiklik, çəhrayı, köpüklü, çiyələk qoxan kokteyllər üçün çox darıxmışam. Bir də sanki, uşaqkən sevgi daha çox idi. Hara baxırdın, kimə baxırdın hamı birini sevirdi. Sevməyə adam da çox idi. İndilərdə qəsdən vurulmaq istəsən də birini tapmazsan. Məktəbdən evə qayıdarkən anam üçün bir əlimin beş barmağını da mənə aşiq olanların adını saymaqla doldurduğum olurduBizi qarşılıqsız sevən, bəyənən, kiçik və ya böyük bir şeylər hiss edən hər kəsə təşəkkür edirəm. 

Bu günlərdə kimə baxırsan tələsir. Bir gülüşə, bir salama, bir sağola vaxtımız yoxdur. Prinsiplər dəyişib: hansı yolla, necə olursa təki OLSUN və hər şey mənim olsun. 

İndilərdə çox şeyi olanlar dəbdədir. Nəyi necə əldə edənlər deyil. 

İndilərdə çox olmaq, bol olmaq, şişmək, enəlmək, əmr etmək o qədər dəbdədir ki. 
 
Dəyərlərin öz dəyərini itirdiyi zamandayıq. 60-cı illərdə doğulacaqdım mən. 41-45-lərdən qalanlarla rastlaşmaq ehtimalım da çox olacaqdı.