Nov 25, 2012

Istanbul



İstanbul-çərçivələrə sığmayan, qanunları pozan, sərhədləri aşan şəhər.

Bir az pozulmuş amma saflığını itirməmiş. İtirməmiş olsa belə axtarıb tapa bilməzsən. Çox dərinlərdə bir yerdə qalmış. 
Kimliyini gizlədən şəhər.

Daha çox qadına bənzəyir. Yoldaşını müharibədə itirmiş, tək başına həyata bağlanmış. Alçaq-alçaq insanlarla mübarizə aparmış. Həyatın hər üzünü görmüş, öz üzünü itirməmiş biri.

Yorulmuş, özünü unutmaq üçün oturub siqaret çəkmiş, içmiş, mahnılar bəstələmiş. Amma qəlbinin küncündə kiçik imanını canavarlara heç yem etməmiş. Həm azadlığın qapılarını açmış, həm də çox uzağa getməsin deyə şəhərin dörd yanından azan səsini yüksəltmiş. Gecələrin əyləncəsini səhərlərin azanı ilə yumuş.

İstanbul-Göyçək Fatmanın nağılına bənzəməz. Su pərisi heç olmadı.
Məsələn, İstanbulun-nağılların balaca, şirin şahzadəsi ola bilməsi üçün çəhrayı donu olmadı heç. Sığalını özü çəkti başına.

Bir-birinə bənzəməyən, qarışıq-qarışıq tiplərə qoynunda yer verə biləcək qədər anlayışlıdır o. 

Ağlasan səninlə ağlayar, gülsən səninlə gülər.

İstanbul-özünü itirmiş uşaq kimidir. Hər şeydən dadmaq istəyi var içində. 
Yağışın altında ayaqyalın islananlardandır İstanbul.

Tutunacaq sütunları olmayan asma körpülərindən bilinir nə qədər cəsur olduğu. 

Səni çətinliklərə salmaqdakı məqsədi- öz ayaqların üzərində dura bilməyi öyrətmək üçündür.

İstanbul sanki deyir- məni ya olduğum kimi sev, ya da sevmə. Məni böyüdən yaralarımı mənə unutdurmağa çalışma. Məni dəyişdirmədən sev.

Turistlərin gözlərini oxşamaq üçün dağılmış, tor basmış binalarını yenidən bərpa etməzkən sanki- sənə gözəl görünmək üçün topuqlu ayaqqabılarda şam yeməyinə gəlməyəcəm deyir.

Köhnəlmiş, sınıq-sökük, yarıçılpaq binaları yetim uşaq kimi onu atıb getməyəsən deyə yalvarır. 
Amma qürurludur İstanbul. Sınar əyilməz, əzilər ağramaz.

Keçmişinə bağlıdır, amma hər zaman gələcək qədər yenidir.

Kimsəyə aid ola bilməyəcək qədər azad, lakin, sənə özünü tənha hiss etdirməyəcək qədər yaxındır.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Başımda eski alemlerin sarhoşluğu
Loş kayıkhaneleriyle bir yalı;
Dinmiş lodosların uğultusu içinde
İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Bir yosma geciyor kaldırımdan;
Küfürler, şarkılar, türküler, laf atmalar.
Bir şey düşüyor elinden yere;
Bir gül olmalı;
İstanbul'u dinliyorum, gözlerim kapalı.

İstanbul'u dinliyorum, gözlerim kapalı;
Bir kuş çırpınıyor eteklerinde;
Alnın sıcak mı, değil mi, biliyorum;
Dudakların ıslak mı, değil mi, biliyorum;
Beyaz bir ay doğuyor fıstıkların arkasından
Kalbinin vuruşundan anlıyorum;
İstanbul'u dinliyorum. 

Orhan Veli Kanık

Nov 11, 2012

Çıxıb getsək bu şəhərdən



Çıxıb getsək bu şəhərdən
Küçələri pişik balaları ilə dolu olan bir şəhərə.
Çıxıb getsək bu şəhərdən
Yollarında balaca qız uşaqlarının
üzünə baxıb gülümsədiyi bir şəhərə.
Asta qaçan namərddir deyib qaçsaq,
Arxanı unutsaq, irəli baxsaq.
Olarmı ki?
O da olmaz.
Tüpürsək bu şəhərin özündən başqa hər şeyinə,
Qanunu pozan qanunlarına,
Boyunlarını şişirdib, beyinlərini boşaldan 
Polad Ələmdar oğlanlarına.
Dodaqları qulaqlarının dibinə qədər uzanan,
qaşları alınlarına çatan tatuajlı, selikonlu qızlarına.
Özündən başqa heç kimi bəyənməyən tiplərinə.
Tüpürsək,
Və buraxsaq bu şəhəri
öz "toxunulmamış" mələkləri ilə,
Ağ atlı şəhzadələri ilə baş-başa.
Biz nə avrovizyonlarına sevindik,
nə də Rihannanın gəlişinə həyəcanlandıq.
Biz mələk ola bilmədik,
bağışlasın bizi bu şəhər.
Tüpürsək,
Zibil qoxan küçələrinə,
Həmçinin, insanlarına
Və çıxıb getsək.
Başqa şəhərlərdə yenidən doğulsaq
Və xoşbəxt olsaq.
Günləri aylara, ayları illərə satmasaq,
Arzuları adətlərə satmasaq,
Ruhumuzu, qəlbimizi, 
özümüzü satmasaq bu şəhərə.