Dec 30, 2012

Kədər balalarım


Heç birimiz mələk deyilik. Qanadlarımız filan da yoxdur. Nəticədə, hər birimiz nə vaxtsa birilərinin qəlblərini qırmışıq. Yəni, o qədər də mələk filan deyilik...

Kövrəlməmək üçün istifadə etdiyim üsulları paylaşmaq qərarına gəldim, bəlkə kiminsə işinə yarayar:

Ağlamaq? Dayan orda. Ağlamağı hər kəs bacarır. 'Ay necə də ürəyi yumşağam mən' demək deyil ağlamaq. Hətta, qatillər belə birinin canına qıydıqdan sonra oturub hönkür-hönkür ağlayarlar. Və həm də səndən, məndən daha duyğusal. İki damla yaş axdı deyə özümüzü dərhal dəyərli bir şey hiss etməyimiz lazım deyil. Nostaljik, romantik abu-havalara ehtiyac yoxdur.

Məsələn, məni kövrəltmək istəyən bir şey olanda özümü yer planetindən çıxardıram. Yuxarılardan yerə baxıb özümü tapmağa çalışıram. Əgər nə vaxtsa tapsam oturub hönkür-hönkür ağlamaq şansı verəcəm özümə. Ən ağlamalı hind kinolarını tapıb baxacam. Gözlərimi üç gün çölə çıxa bilməyəcək qədər qızardacağam. 'Əlbəttə, çox axtararam. Eh, mən elə bu boyda imişəm?' deyirəm. Bap-balaca canımı nə çox istəyirmişəm. Biz də qarışqanı adam yerinə qoymuruq. Halbuki, yuxarılardan baxanda heç qarışqa qədər də görünmürük. Bu vəziyyətdə qarışqa bizdən daha çox adamdır.

Ən çox incitdiyim insanları yadıma salıram. Hal-hazırki vəziyyətim onlarınkından daha çox acınacaqlıdırsa onda deməli kövrəlmək haqqım yaranır. Sizi bilmirəm, amma mən hələ ki incitdiklərimdən daha çox məni incidənini tapmamışam. Və yaxud da başqa bir şey fikirləşmək olar. Bizi incidən insanlara qarşı nə zamansa bir yalanımız, qeyri-səmimiliyimiz,  mənfur planımız olub. İçimizdən keçənlərdən utanıb kövrəlməyi durdura bilərik.

Ən çox işə yarayan üsulların başında da bəzi qadağalar dayanır. Adamı incidən hadisəni, insanı, heyvanı hər nədirsə onu gün ərzində xatırlamaq limitini müəyyənləşdirməliyik. Məsələn, ilk günlər 5 dəfə, sonrakı günlər 3 dəfə, sonra 1 dəfə xatırlamağa icazə verə bilərik. Bu mərhələni uğurla keçdikdən sonra artıq ilk yada düşdüyü zaman 3-ə kimi sayaraq yaddan çıxartmaq lazımdır.

Yuxarıda sadalananların heç biri işə yaramazsa bir həftə, bir ay, bir il sonrasını düşünməyə başlayırıq. Bir il öncə bizi kövrəltməyə çalışanların üzərimizdə olan bugünki təsirini nəzərdən keçiririk. Gələn il sağ qalsaq aşağı-yuxarı bu qədər təsirsiz olacaq bugünkilər də.

Gülüşlərimiz və göz yaşlarımız arasında bu qədər ayrı-seçkilik qoymamalıyıq. Hamısı bizim balalarımızdırlar. 
Bugünki kədərlərimiz də sabah yanağından çimdik qopardacağımız şirin xatirələrə dönüşəcəklər.

Mənim sadəcə zamana heyifim gəlir, yoxsa oturub hönkür-hönkür ağlamağa nə var ki...