Dec 11, 2013

5 gün 7 saat və ya Dum spiro spero*


Yavaş-yavaş ölürlər
Vərdişlərinə əsir olanlar,
Hər gün eyni yollarda gedənlər,
Üfüqlərini genişlətməyənlər və dəyişdirməyənlər.

Yavaş-yavaş ölürlər...**



Hər gün yeni və fərqli günəş görməkdən daha gözəl nə ola bilər?!

28 yaşındaykən Aron Ralston Koloradonun bütün qayalarına qalxmaq məqsədilə Inteldəki uğurlu karyerasını tərk edir. Müsahibələrinin birində o deyir: "Beş illik uğurlu karyeram var idi, amma hələ də həyatımda nəsə çatışmırdı." 2003-cü ildə Yuta dərələrini gəzərkən sağ qolu üzərinə böyük qaya parçası düşür. Beş gün yeddi saat ərzində qolunu daşın altından çıxara bilmədiyi üçün küt bir alətlə öz sağ qolunu amputasiya edir və bunun nəticəsində həyatını xilas edə bilir.

Aşağıda gətirdiyim sitatlar Aron Ralstonun 2004-cü ildə nəşr olunan avtobioqrafik səciyyəli «Between a Rock and a Hard Place» adlı kitabındandır:

Bu mənəm. Mən özüm bunu seçmişəm. Bəli, bunların hamısını mən seçmişəm. Bu qaya bütün ömrüm boyu məni gözləyib. Bütün həyatım boyu mən ona doğru yönəlirmişəm.

Hər şeyin səbəbi var. Və elə həyatın gözəlliyi də ondadır ki, bizim bu səbəblərdən xəbərimiz yoxdur.

Düşən qaya parçası o gün öz yerindən tərpənərək üzərimə düşməli idi. Aşmaq -  qayalardan qopub düşən daşlara xas olan bir şeydir. O səni gözləyirdi. Kimsə gəlib onu aşırmağa çalışsa belə o yenə də uzun illər boyu tərpənmədən öz yerində qalacaqdı. Sən bunu etdin, Aron. Onu sən yaratdın. Bugün bura gəlməyi sən özün seçdin. Hara getməyin barədə heç kimə məlumat verməməyi də sən seçdin. Tərk etdiyin qadın indi yanında olsaydı bu çətinlikləri yaşamazdın. Amma onu tərk etməyi də sən seçdin. Bunun bu cür olmasını sən istədin. Bütün bunların baş verəcəyi artıq çoxdan müəyyən olunmuşdu. Qət etdiyin bütün yollar bunları yaşamağın üçün idi. 
Bu layiq olduğunu yaşamaq deyil - bu ÖZ SEÇDİYİNİ yaşamaqdır.

Rahat şərait, arxayınlıq və konservatizm ilə əhatə olunan bir çox insanlar xoşbəxt olmadıqları halda belə həyatlarını dəyişməyə cəhd etmirlər. Amma bu siğortalı həyat sadəcə onların beyinlərini sakitləşdirir, əslində isə avantürist ruha sahib olan bir insan üçün siğortalı gələcəkdən daha təhlükəli heçnə yoxdur. İnsanın həyat eşqini artıran ən başlıca səbəb sərgüzəştlərə olan ehtirasıdır. Həyat eşqi yeni təcrübələr qazanmaqla artır. 

Uzaqlara çıxıb getməyincə nəyə qadir olduğunu və öz sərhədinin harada bitdiyini heç vaxt bilməyəcəksən. 
Bu bədbəxt hadisə özümü sınamaq üçün bir fürsət idi. Mən kim olduğumu anlamaq istəyirdim: bu çarəsizlik içində məğlub olaraq ölən insan idim yoxsa bütün maneələri aşaraq özünə və başqalarına nümunə olan insan?

Cibimdəki küt bıçaqla qolumu kəsməyə çalışırdım. Sümüyə çatanda isə üzərimə düşən daşın köməyi ilə qolumun sümüyünü sındırdım.

Gözlərimi yumduğum zaman özümü və gələcəkdə doğulacaq oğlumu görürdüm. Onun mavi gözlərini gördükdən sonra anladım ki, mən burdan çıxmağın yolunu tapmalıyam.  Başqa yol yoxdur. Bu kanyonun içərisində tək başına ölmək fikrim yox idi.

Tərcümə: Kamala Imanova



*Dum spiro spero. (While I breathe, I hope.) - qədim Latın yazarlarının əsərlərindən alınmışdır. Bir sıra xalqların mottosuna çevrilmiş ifadədir.

** Pablo Neruda - "Yavaş-yavaş ölürlər" şerindən parça.