Neçə dəqiqədən-bir yazmaq həyəcanlanmadan yazdığını göstərər? Bir sual, bir cavabmı olmalıdır? İki sual bir-birinin ardınca verilsə bu çox maraqlanırsan demək olar? Və ya cavablar sualları gözləmədən gələrsə, bu növbəti sualın gecikəcəyindən qorxduğunu xəbər verər? Yalan danışmağa məcbursan? Hər şey səmimi deyilərsə çox sadəlöhv görünərsən? Bəzən yalanlar daha inandırıcı gəlirlər? Sən də necə daha yaxşı görsənirsə elə etməlisən? Qeyri-səmimi səhnə yaranmasın deyə cümlələrinə yalan donlar geyindirib, özünə yadlaşaraq, qarşı tərəfə doğmalaşmalısan? Kiminsə uşaqlıqdan beynində və qəlbində yaratdığı obraz sən olmalısan? Bəs sən öz obrazını həmin beyinə və qəlbə yerləşdirə bilərsən? Və yaxud da həmin obraz sənin beynində və qəlbində yamaq kimi olmayacaq? Təkrar-təkrar eyni sözləri xatırlayırsan, artıq vergülünü, nöqtəsini əzbərləmisən? Hər şeyi düzmü anlamısan, bəlkə bir də oxuyasan? Qarşı tərəf bunları düşünmədən də yazmış ola bilməzmi? Olmaya birdən, sən qarşı tərəfin olmadığı biryerlərdəsən? Özün-özünü yüksəltdiyin zirvədən zərbə ilə yerə düşsən çox əzilməzsən? Görəsən, nə yazsan bəhanə kimi görsənməz? Bəlkə, elə olduğun yerdə dayanasan, yoxsa davamını hər zaman sən gətirməli olacaqsan? Birdəki, biryerlərdə dayanmaqla nəsə bitir? Başlamaqda təkidli olanlar onsuzda təkansız başlamır? Ən yaxşıları da təkansız olanlardır? Bəlkə, bu təkidlər, bəhanələr, səbəblər heç lazım deyil? Bəlkə də lazımdır? Başlayacaq həyəcanlardan, keçəcək narahatçılıqlara, birinin xoşa gəlməyən doğruları, o birinin şirin yalanları, titrəyən əllər, parıltılı gözlər, ucsuz-bucaqsız xəyallar, reallıqdan uzaq arzuların şirinliyi altında sadəcə, vaxt itkisi? Özünü başqa bir yerdə tapacaqsan? Olduğun yer daha yaxşı deyilmi? Sonrakı hər gün, ilk yeddi gün ərzində göstərilən kinonun dadını axtaracaqsan? Olmaya, reklam fasilələrinin qurbanına çevrilmisən?
Jan 18, 2012
Jan 3, 2012
Başlanğıc hardan başlayır?
Hər son bir başlanğıcdır deyirlər. Görəsən, bu son nəyin başlanğıcıdır? Özündən sonra başlanğıc gəlməyən bir son yoxdurmu? Ya da bizim sonlar başlanğıcların başlamasına imkan verəcək qədər zəifdirlər. Nəyinsə başlamasını gözləmək yazıq bir təsəllimidir? Hər şey artıq başlayıbmı? Bir başlanğıc uğruna ətrafını təmizləyə-təmizləyə gedir insan. Amma onların təmiz dedikləri sənin kirli bilib sildiklərindəndirsə-fəlakət elə işin burasındadır. Demək ki, hər kəsin öz təmizləri və kirliləri var. Bu mübahisə olunmazdır. Hətta, yer üzündə bir fikir tək qalsa belə, onu hesaba almamağa heç kimin haqqı yoxdur. Bu dünyada hər kəs bir-birindən daha ağıllıdır. Hətta, ən axmaq insanın belə öz doğruları var. IQ testlər ilə ölçülür ağıl? Diplomlarla? Səyahətlərin sayı ilə? Təcrübə ilə? Nə ilə? Hər şeyi ümumiləşdirmək, ixtisara salmaq istəyirik? Niyə, çünki, qırağa çıxanlardan qorxuruq? Ümumiləşmədən qıraqda qalanlar çoxluğun içinə yuvarlananları daha yaxşı analiz edə bilirlər? Analiz olunmaqdan, özümüzlə üz-üzə gəlməkdən çəkinirik? Özümüzlə təklikdə danışdıqda belə tam səmimi ola bilirik? Olmalı olduqlarımızı həddən artıq ideallaşdırırıq və bu ideala bənzəməyi ömürlük müqavilə bağlamış kimi öhdəmizə götürürük. Arzularımız, seçimlərimiz hətta zövqlərimiz belə özümüzü inandırdığımız bir obraza görə dəyişir. İkili həyat sürər kimi… Kimləri eyniliklərdən yorulur, kimləri isə yeniliklərdən. Hərdən insan heç yenilənməmək, köhnə qalmaq istəyir. Əksinə, çox şey daddıqca seçimlər çətinləşir. Nə qədər az bilirdinsə daha çox bildiyini düşünərək rahatlıq tapırdın. Amma artıq nəsə bilməyə başladığında bilmədiklərinin həcmi insanı qorxudur. Və nəticədə heçnə seçməmək üzrə qərarlaşırsan. İnandığın bütün doğruları itirirsən. Yoxsa, seçə-seçə, yanıla-yanıla öyrənilir? Bəlkə, həyat fəlsəfəni dəyişməlisən? Bu analizlərin bir sonu yoxdurmu? Analizlər bitməmiş seçim etmək doğru olarmı? Bəs həyat ümumiyyətlə öyrənilə bilinən bir şeydirmi? Təəssüf ki, həyat, kitabları oxuyub universitetə qəbul olmaq kimi deyil. Sualların hansı kitabdan düşəcəyini bilmək olmur. Bəs uğur qazananlar kimlərdir? Dərslərini yaxşı oxuyanlar ya bəxtigətirənlər?
Subscribe to:
Comments (Atom)