Neçə dəqiqədən-bir yazmaq həyəcanlanmadan yazdığını göstərər? Bir sual, bir cavabmı olmalıdır? İki sual bir-birinin ardınca verilsə bu çox maraqlanırsan demək olar? Və ya cavablar sualları gözləmədən gələrsə, bu növbəti sualın gecikəcəyindən qorxduğunu xəbər verər? Yalan danışmağa məcbursan? Hər şey səmimi deyilərsə çox sadəlöhv görünərsən? Bəzən yalanlar daha inandırıcı gəlirlər? Sən də necə daha yaxşı görsənirsə elə etməlisən? Qeyri-səmimi səhnə yaranmasın deyə cümlələrinə yalan donlar geyindirib, özünə yadlaşaraq, qarşı tərəfə doğmalaşmalısan? Kiminsə uşaqlıqdan beynində və qəlbində yaratdığı obraz sən olmalısan? Bəs sən öz obrazını həmin beyinə və qəlbə yerləşdirə bilərsən? Və yaxud da həmin obraz sənin beynində və qəlbində yamaq kimi olmayacaq? Təkrar-təkrar eyni sözləri xatırlayırsan, artıq vergülünü, nöqtəsini əzbərləmisən? Hər şeyi düzmü anlamısan, bəlkə bir də oxuyasan? Qarşı tərəf bunları düşünmədən də yazmış ola bilməzmi? Olmaya birdən, sən qarşı tərəfin olmadığı biryerlərdəsən? Özün-özünü yüksəltdiyin zirvədən zərbə ilə yerə düşsən çox əzilməzsən? Görəsən, nə yazsan bəhanə kimi görsənməz? Bəlkə, elə olduğun yerdə dayanasan, yoxsa davamını hər zaman sən gətirməli olacaqsan? Birdəki, biryerlərdə dayanmaqla nəsə bitir? Başlamaqda təkidli olanlar onsuzda təkansız başlamır? Ən yaxşıları da təkansız olanlardır? Bəlkə, bu təkidlər, bəhanələr, səbəblər heç lazım deyil? Bəlkə də lazımdır? Başlayacaq həyəcanlardan, keçəcək narahatçılıqlara, birinin xoşa gəlməyən doğruları, o birinin şirin yalanları, titrəyən əllər, parıltılı gözlər, ucsuz-bucaqsız xəyallar, reallıqdan uzaq arzuların şirinliyi altında sadəcə, vaxt itkisi? Özünü başqa bir yerdə tapacaqsan? Olduğun yer daha yaxşı deyilmi? Sonrakı hər gün, ilk yeddi gün ərzində göstərilən kinonun dadını axtaracaqsan? Olmaya, reklam fasilələrinin qurbanına çevrilmisən?
No comments:
Post a Comment