Mar 14, 2012

1 kilo səmimiyyət

Al bu 1 kilo səmimiyyəti danışaq.
Hər sualın başında qram-qram xərcləyək.
Ürəkli ol, bir az cəhd et, səndə də alınacaq.
Rahat ol, özünü öz evindəki kimi hiss et,
Səni ordan heç kim qovmayacaq.
Yüzü ilə olub hər dəfəsində necə tək olduğuna qayıtmaqdansa
Bir dəfə özünə çatsan
Bir dəfə özünü tapsan
Başqa lazımsızlar lazım olmayacaq.
Tək ola bilməyəcək qədər çox olduğunu anlayacaqsan.
Davam edək (yanında 1 qram səmimiyyətlə),
Təlaşlanma çox incitməyəcək,
Sadəcə, üzünə hopdurduğun maska yapışdığı yerdən bir balaca qopacaq.
Çirkin görünməkdən qorxma.
Kökləri səndə bitən çirkinliklərin
başqasından oğurladığın gözəlliklərdən daha gözəldir. 
Nəticədə mən səni tanıyacağam, lap içindəki səni
Pislərini pis, yaxşılarını yaxşı.
Ola bilsin, hamı bəyənməyəcək
Bəyənməsin, bu səni çox incidəcək?
Amma bəyənənlər sənin özünü bəyənəcək
Hollywood ulduzlarından yamsıladıqlarını yox. 
Özünün özünə bu qədər qəddar davranma
Bəlkə, o daha maraqlı olacaqdı, niyə bu qədər uzağa göndərdin onu?
Bil ki, bütün mükəmməllərin içi boşdur.
Sən eyibləri üzdə olanlara bax.
Eyibsiz görünənlərin eybi daha çoxdur.
Əslində bütün qüsurların öz səbəbləri var
Bəlkə, dərhal qınamağa heç keçməyəcəkdim.
Biz bütün mənfi və müsbətlərimizlə birlikdə bizik.
Qüsurları ört-basdır etmək bizi biz etməz ki.
Gizləmək hara kimi?
Özündən gizlənmək hara kimi?
Daxilin çılpaq qalmayacaqsa,
Nə özünü kiminsə yanında,
nə də kimisə özünün yanında çılpaq görə bilməzsən.
Deyək ki, mən inandım və aldandım,
Bəs özün?
Əksinə, bütün qış geyimləri üzərində ikən
Nə qədər yaxına gələ biləcəksən?
Və bu cür yaxın çox uzaq olmayacaqmı?


 

1 comment:

  1. Semimiyyet her kesin bacara bildiyi bir shey deyil...amma herkesin dilinde ezber olunmush bir ifadedir"men semimiyyem qarshimdakininda semimi olmaqini isteyirem"Insanin heyatinda bezi meqamlar olurki insan hech ozunede semimi olmur(olmaqdan chekinir)Bir insanin tam semimi olmaqi mumkun olan bir shey deyil....hech vaxt hech vaxt..Sadece insanlari 2 kotiqoryaya ayirmaq olar Semimi ve Qeyrisemimi Insanlar.
    -Semimi dediyimiz insanlara yuxarida qeyd etdiyimi aid etmek olar "Insanin heyatinda bezi meqamlar olurki insan hech ozunede semimi olmur(olmaqdan chekinir)
    -Qeyrisemimi Insanlar haqqinda ise hech bir soz yazmaq istemirem her shey aydindir o insanlar haqqinda
    Bu menim subyektiv fikrimdir..

    ReplyDelete