Jul 28, 2012

Önəmli olan


Önəmli olan eyni səmtə baxmaqdır.
Hətta, fərqli yerlərdən olsa belə. 
Hətta, çox uzaqlardan,
gözlə görülməyəcək qədər uzaqlardan olsa belə.
Önəmli olan eyni yerdə olub,
lakin, fərqli səmtlərə baxmaq deyil.
Önəmli olan toxuna bilib də,
hiss edə bilməmək deyil.
Önəmli olan öpmək deyil,
əlini tuta bilmək, bağrına basa bilməkdir.
Önəmli deyil tələsərək tez çatıb
sonra yarıda qoyaraq ömürlük gecikdirmək.
Gözləyə bilmək önəmlidir,
lakin, daha önəmlisi gözlətməməkdir.
Ən kiçik kədərə belə gülməyi bacarmazkən,
önəmli deyil gülməkdən uğunmaq.
Önəmli olan qəmli ikən güldürməkdir.
Hamı geri çevirərkən, qapıları üzünə açmaqdır.
Hamı danlayarkən tərifləməkdir.
Yalançı şahidlərlə günahkar çıxarkən,
inana bilməkdir.
Önəmli olan
məğlubkən qalib görə bilməkdir.
Boşluqlara düşməsin deyə, arxasına keçməkdir.
Önəmli deyil əməllərə baxmaq.
Önəmli olan səbəbləri araşdırmaqdır,
hətta araşdırmadan belə güvənməkdir.
Önəmli olan nə arxasında, nə qarşısında,
sadəcə, yanında gedə bilməkdir.
Önəmli olan özündən daha çox ona güvənməkdir.
Onun özünün özünə güvəndiyindən də daha çox,
sənin ona güvənə bilməyindir.
Önəmli deyil toya gedərkən gözəlliyinin fərqinə varmaq,
önəmli olan səhər oyanarkən sevə bilməkdir.
Önəmli deyil ayrılıqlarda darıxmaq,
önəmli olan yanındaykən belə darıxa bilməkdir.
Əli əlindəykən itirməkdən qorxmaqdır.
Önəmli olan geri qaytarmaq deyil,
getməzdən öncə qapıları bağlamaqdır.
Bir də önəmlisi BÜTÜN ADDIMLARI
ÇOX GEC OLMADAN ATA BİLMƏKDİR.

Jul 26, 2012

Qaranlıqlardakı işıqlar

Hər şey çox asan olacaqdı. 
Qarışmaq o qədər çətin görünürdü ki. 
Hər şey çox sadə idi. 
Sağ əlinlə sol qulağını qaşımağa çalışsan belə yenə də çözüləcəkdi. 
Bunu bu cür etsən bu olacaqmış kimi idi. Bütün iplərə sadəcə bir düyün vurulmuşdu. Bütün olacaqların sirrini bilirdin kimi idi. Qeyri-adiliklər bir sırada dayanmış, eyni boyda olan insanların arasından seçilmək kimi gəlirdi. 
Normal olmaq problem deyildi. 
Və səni burdan çıxaracaq hər şeyə gizli-gizli əl atırdın. 
Əslində bütün mübarizələr daxilində gedirdi. 
Rəngli divarların o tərəfini görmək istəyirdin. 
Qaralar da əlvan rənglərin tündləşmiş formasıdır. 
Digər rənglərdən fərqli olaraq onlar heç vaxt doğulmurlar. 
Üstünlükləri isə qaraların keçmişinin olması idi. 
Qaranlıqlardan qorxmurdun, çünki, onlar sadəcə işığın sönməsindən yaranmışdılar.
Əslində, bir sual oldu hər zaman:
Bütün inamını səfərbər etsən, arxanda dünyanın yeddi dəfə ölümdən dönmüş ən şanslı insanı dayanarsa, əlini uzatsan bir əl toxunacaqmı? 
Uçurumlardan əlinlə qalxan əl sən dərələrə yuvarlandığında sənə uzana biləcəkmi? 
Və hər zaman bu əvəz-əvəz olmaqdan çox uzaq, qarşılıqlı ola biləcəkmi? Qaranlıqların işığına inanmaq belədir. 
Az parıltıları olan, eyni zamanlarda yanıb-sönən qığılcımlara onsuzda heç vaxt toxunmurlar. 
Ən zil qaraların altında ən çox göz qamaşdıran rənglər yatır. 
Nə üçün açıq-aydın, gözlə görünən sarıları, yaşılları, maviləri seçmədin ki? Məqsəd ayın işığının günəşin işığından daha çox olduğuna inanmaq idi. -Mübarizə öz gücündən üstün olan gücləri yenməkdir, zəiflərə məğlub olsan da qalibsən. 
-Qəhrəmanlıq qaraların içərisindən çıxartmaqdır. 
-Qalibiyyət isə ordan çıxartdıqlarının geri dönməyərək, hər zaman səninlə ağ ola bilmələridir. 

Jul 22, 2012

Qoy stəkanlar qalsın stolun üstündə

Qoy stəkanlar qalsın stolun üstündə
Sən onları yuyana kimi film bitəcək.
Qoy sənə tənbəl desinlər 
Sən filmini izlə. 
Nəticədə bütün qablar yuyulur, paltarlar da ütülənir.
Amma keçmişi xatırlayanda heç kim deyəcəklərinin "ah, nə təmiz yumuşdum bir zamanlar o qabları"ndan ibarət olmasını istəmir. 
Xatırlananlar-səliqəsizcə altından xətt çəkdiyimiz sətirlər
Eyni dadlı əziyyətlərimiz olan personajlar olur.
Bir də, unutmadıqlarımızın, uzun-uzun düşüncələrdən
və ya ani qərarlardan asılı olmadığını gördük.
Bəlkə də, ani qərarlar bizi bu qədər çox qorxutmamalıdır.
Cədvələ salmadan, tərəzidə ölçmədən, faizini çıxartmadan da etdiyimiz bir şeylər olmalıdır.
Gündə on beş dəfə sildiyin pəncərələrdə bəsdir özünə baxdığın.

Bir az da güzgünün qarşısına keç.
Oxuduğun kitabların vərəqlərini həmin an hiss etdiklərinlə cızma-qara et. 
Həmin andan bir də olmayacağı üçün, həmin an ağlından keçənlər də təkrarlanmaya bilər. 
Ömür çox qısadır çox...
Sevdiyin işlərin yarısını sonraya saxlamayacağın qədər qısa...
Gülmək istədiyində gülməli olduğun qədər, ağlamağın gələndə özünü sıxmağa dəyməyəcək qədər qısa.
Biri ilə evlənmək ağlından keçəndə, evlilik təklifini qarşı tərəfdən gözləməyəcəyin qədər qısa.
"Yox" hər zaman cibimizdədir, "hə" üçün şansını yoxla.
Toz basmış, cehizlik qablarını çıxart işlət artıq.
 Onlarda səndən daha dəyərli biriləri yemək yəməyəcək. 
Bəlkə də, düşünmək üçün, yazmaq üçün, özü də düşündüklərini abra-həyaya salaraq ağ sətirlərə düzmək üçün belə çox qısadır ömür.
Mənim də bilmədiyim qədər, hətta, düşünəməyəcəyim qədər qısadır ömür. 

P.S. Bu yazını sona çatdıra bilmişəm?

Jul 9, 2012

Non-feministi qova-qova feminist edərlər



...Yəni anladığınız kimi feministləşməmək mümkün deyil bu zəmanədə. Bu ölkədə əks cinsin nümayəndəsi olaraq dünyaya gələn hər bir kəs özünü daha ağıllı hesab edir. Bəxtəvərlər oyun başlamadan qarşı tərəfin qapısına qol vurmuş kimidirlər. Kimsən sən? İnsanla mələk qarışığımı? Hardan gəlmisən? Aydanmı yoxsa? Nə etmisən? Özünlə bizim əlimiz çatmayan ulduzlarımı gətirmisən? Güzgüyə baxarkən özlərini at üstündə qılınc oynadan görürlər bunlar. Əli silah tutmayanı belə Qarabağ veteranıdır. 
“Ah, bu qadın milləti” deyə də başlayan cümlələri heç bitməz ki. Bütün qadınlarda eyni olarmış. Dərin düşünməyən və yaxud da lazımsız dərin düşünən, dır-dır edən məxluqlarmış. Gərək ki, ölçmə qabilliyyətlərinin itməsi səbəbindəndir. İtməyənlərdə isə özlərini rahatlatmaq üçün sadəcə. "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" məsəli. Bunlar da feministlərin kişi variantlarıdır. Bütün yalanları da müqəddəs sayılmalıdır əslində, çünki hamısı sadəcə bizim kimi incə məxluqları incitməmək üçündür. Acı həqiqəti şirin yalana üstün tutmaq fəlsəfəni anlatmağa çalışma boş yerə. Onlar yenə də şirin yalanı daha məsləhətli bilirlər sənin üçün. Hamısı sadəcə və sadəcə səni incitməmək üçündür. İnanmağa cəhd et, bəlkə alındı. 
Mən heç vaxt feminist olmadım. Bacarmadım desəm daha doğru çıxar. Hələ də ola bilmək üçün mübarizələr aparıram. Səbəblərimi çoxaltmağa çalışıram. Çünki, onlar daha ağllı və uğurlumudur nədir?! Feministlər. Bizim kimilərin görməməyə çalışdıqlarını çoxdan görüb, möhürləyiblər onlar. Məşhur cümlələri də var "Heç bir kişi sənin bir damla göz yaşına dəyməz". Mənsə hələ də cinsi ayrı-seçkiliyin əksinə mühazirələr oxuyuram. "Axı insani dəyərlər onları daşıyanın kişi və ya qadın olmasından asılı deyil" deyirəm. Hələ də cinsindən asılı olmayaraq sadəcə yaxşı insan və pis insan kimi anlayışların olduğuna inaniram. Qarşılaşdığım yüz nəfər pis çıxsa belə, yüz birincini də pis hesab etməyi haqsızlıq olaraq görürəm. Hər bir fərdin ayrı bir şansı olmalıdır deyə düşünürəm. Ah, bu istisnalara inanmamağı bircə öyrənə bilsəydim. Yüz birincilərin də özlərindən öncəki yüzlər kimi olduğunu başqalarının gördüyü kimi mən də görə bilsəydim.
Bütün məğlubiyyətlərimiz əslində "ah, bu kişi milləti hamısı eynidir" deməyi bacarmamaqdandır. Amma belə və daha betərini əminliklə deyən qadınlar çoxdur. Həm də demək olar ki, tanıdığım bütün ağıllı qadınlar belə deyir. Sadəlövhlüyümün üzə çıxmaması üçün razılaşır kimi özümü göstərməyə çalışıram. Yoxsa bu feministlərə qarşı durmaq çox qəliz məsələdir. Çox güclü dəlillər gətirirlər. Sənin arxanda isə ancaq istisnalar var (əgər varsa onlar).
Onsuzda nə olursa bu yarışın arasında qalanlara olur.
Uşaqkən yatanda bizə feministlərin dinləmədiyi hansı nağıl kitablarını oxuyublar? Nələrə bizi inandırıblar? Nədəndir ki, biz hər "Bıdı"nı "Vüsal"a çeviririk. Onlarsa hər "Vüsal"ın "Bıdı" belə yox, "Göy göz kosa" olduğunu dərhal anlayırlar. Nənələrimizin nağıllarının nəticəsidir ki, yanımızda hər zaman bir qəhrəman görmək istəyi var, hətta, özlərini də qəhrəman olduqlarına inandırmışıq. O qədər inandırmışıq ki, artıq bütün göyçək Fatmaları təndirdən çıxan görürlər. 


Vüsal kosadır? Onda mən feminist olum?!