...Yəni anladığınız kimi feministləşməmək mümkün deyil bu zəmanədə. Bu ölkədə əks cinsin nümayəndəsi olaraq dünyaya gələn hər bir kəs özünü daha ağıllı hesab edir. Bəxtəvərlər oyun başlamadan qarşı tərəfin qapısına qol vurmuş kimidirlər. Kimsən sən? İnsanla mələk qarışığımı? Hardan gəlmisən? Aydanmı yoxsa? Nə etmisən? Özünlə bizim əlimiz çatmayan ulduzlarımı gətirmisən? Güzgüyə baxarkən özlərini at üstündə qılınc oynadan görürlər bunlar. Əli silah tutmayanı belə Qarabağ veteranıdır.
“Ah, bu qadın milləti” deyə də başlayan cümlələri heç bitməz ki. Bütün qadınlarda eyni olarmış. Dərin düşünməyən və yaxud da lazımsız dərin düşünən, dır-dır edən məxluqlarmış. Gərək ki, ölçmə qabilliyyətlərinin itməsi səbəbindəndir. İtməyənlərdə isə özlərini rahatlatmaq üçün sadəcə. "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" məsəli. Bunlar da feministlərin kişi variantlarıdır. Bütün yalanları da müqəddəs sayılmalıdır əslində, çünki hamısı sadəcə bizim kimi incə məxluqları incitməmək üçündür. Acı həqiqəti şirin yalana üstün tutmaq fəlsəfəni anlatmağa çalışma boş yerə. Onlar yenə də şirin yalanı daha məsləhətli bilirlər sənin üçün. Hamısı sadəcə və sadəcə səni incitməmək üçündür. İnanmağa cəhd et, bəlkə alındı.
Mən heç vaxt feminist olmadım. Bacarmadım desəm daha doğru çıxar. Hələ də ola bilmək üçün mübarizələr aparıram. Səbəblərimi çoxaltmağa çalışıram. Çünki, onlar daha ağllı və uğurlumudur nədir?! Feministlər. Bizim kimilərin görməməyə çalışdıqlarını çoxdan görüb, möhürləyiblər onlar. Məşhur cümlələri də var "Heç bir kişi sənin bir damla göz yaşına dəyməz". Mənsə hələ də cinsi ayrı-seçkiliyin əksinə mühazirələr oxuyuram. "Axı insani dəyərlər onları daşıyanın kişi və ya qadın olmasından asılı deyil" deyirəm. Hələ də cinsindən asılı olmayaraq sadəcə yaxşı insan və pis insan kimi anlayışların olduğuna inaniram. Qarşılaşdığım yüz nəfər pis çıxsa belə, yüz birincini də pis hesab etməyi haqsızlıq olaraq görürəm. Hər bir fərdin ayrı bir şansı olmalıdır deyə düşünürəm. Ah, bu istisnalara inanmamağı bircə öyrənə bilsəydim. Yüz birincilərin də özlərindən öncəki yüzlər kimi olduğunu başqalarının gördüyü kimi mən də görə bilsəydim.
Bütün məğlubiyyətlərimiz əslində "ah, bu kişi milləti hamısı eynidir" deməyi bacarmamaqdandır. Amma belə və daha betərini əminliklə deyən qadınlar çoxdur. Həm də demək olar ki, tanıdığım bütün ağıllı qadınlar belə deyir. Sadəlövhlüyümün üzə çıxmaması üçün razılaşır kimi özümü göstərməyə çalışıram. Yoxsa bu feministlərə qarşı durmaq çox qəliz məsələdir. Çox güclü dəlillər gətirirlər. Sənin arxanda isə ancaq istisnalar var (əgər varsa onlar).
Onsuzda nə olursa bu yarışın arasında qalanlara olur.
Uşaqkən yatanda bizə feministlərin dinləmədiyi hansı nağıl kitablarını oxuyublar? Nələrə bizi inandırıblar? Nədəndir ki, biz hər "Bıdı"nı "Vüsal"a çeviririk. Onlarsa hər "Vüsal"ın "Bıdı" belə yox, "Göy göz kosa" olduğunu dərhal anlayırlar. Nənələrimizin nağıllarının nəticəsidir ki, yanımızda hər zaman bir qəhrəman görmək istəyi var, hətta, özlərini də qəhrəman olduqlarına inandırmışıq. O qədər inandırmışıq ki, artıq bütün göyçək Fatmaları təndirdən çıxan görürlər.
Vüsal kosadır? Onda mən feminist olum?!

No comments:
Post a Comment