Jan 3, 2014

Frida Kahlo - Dieqo Rivera və ya Rəng geyinən qadın, Rəngi görən kişi


Bir dağın içini yalnız başqa bir dağ bilər.


Dieqo,

Həqiqət o qədər böyükdür ki, mən nə danışmaq, nə yatmaq, nə dinləmək, nə də sevmək istəyirəm. Qan qorxusu olmadan, zaman və sehrlərdən uzaqda sənin qorxuların, ağrıların və qəlbinin döyüntüləri ilə birlikdə özümü tələyə düşmüş hiss edirəm. Bütün bu çılğınlıqları səndən istəsəydim, bilirəm səni ancaq qarışıqlığa salmış olardım. Bu dəliliklərimlə səndən şiddət istəyirəm, sən isə əvəzində mənə öz işığını, istini və şəfqətini verirsən. Sənin rəsmini çəkmək istəyərdim, böyük sevgimin gözlə görülə biləcək halını, lakin çaşqınlıq içərisindəyəm, bu qədər çox rəng varkən heç bir rəng yoxdur.


Dieqo,

Heç bir şey sənin əllərinlə, yaşıl-qızılımtıl gözlərinlə müqayisə oluna bilməz. Bədənim günlərlə səninlə dolmuşdur. Sən gecənin güzgüsü, şiddətli ildırım qığılcımı, torpağın nəmisən. Sənin qoltuqaltının dibi mənim yuvamdır, sənin qanına toxunuram. Sənə aid olan sinir hüceyrələrimi qorumaq üçün tək sevincim sənin çiçək-çeşməndən axan həyat eşqini hiss etməkdir. 

Auksoxrom - Xromofor. Dieqo.
Rəng geyinən qadın.
Rəngi görən kişi.
1922-ci ildən bəri.

Hər zaman və daima. İndi 1944-cü ildə. Yaşanmış bütün saatlardan sonra. Vektorlar öz istiqamətlərində davam edir. Onları heçnə durdura bilmir. Hisslərlə yaşamaqdan başqa bildikləri bir şey yoxdur. Yeganə arzuları görüşləri baş tutanadək yollarında davam etməkdir. Yavaş-yavaş. Böyük çətinliklə olsa belə, "qızıl parça"nın onları doğru yola yönəltdiyinə əmindirlər. Orada hüceyrəvi düzülüş var. Orada hərəkət var. Orada işıq var. Bütün mərkəzlər eynidir. Axmaqlıq deyə bir şey yoxdur. Biz olduğumuz və olacağımız kimiyik. Axmaq qismətə bel bağlamıram.
Mənim Dieqom,
Gecələrin aynası.
Sənin gözlərin bədənimin içində, əllərimizin arasında dalğalanan yaşıl qılıncdırlar. Sən səslərdən ibarət bir boşluqdasan - həm kölgədə, həm işıqda. Sənə bütün rəngləri özünə çəkən Auksoxrom dedilər. Mənə isə rəng verən Xromofor. Sən rəqəmlərin, həyatın qarışığından ibarətsən. Arzum xəttləri, şəkilləri, kölgələri və hərəkəti anlamaqdır. Sən doldurursan, mənsə yerləşdirirəm. Sənin sözlərin bütün fəzanı səyahət edərək mənim ulduzlarım olan hüceyrələrimə çatır, daha sonra mənim işığım olan sənin hüceyrələrində dolaşır.

Dieqom üçün,

Dünyalara səssiz həyat verən. 
Önəmli olan illüziya olmasın, yeni günəşin doğması, dost qırmızılar, böyük mavilər, yarpaqlarla dolu əllər, səsli quşlar, saçda barmaqlar, göyərçin yuvaları, insan mübarizəsini anlamaq, mənasız mahnının bəsitliyi, qəlbimdəki küləyin çılğınlığı = qafiyə qoşma qızım = qədim Meksikanın şirin şokoladı, ağızdan gələn qanda qopan fırtına - qıcolma, əlamət, qəhqəhə və mirvarinin şəffaf diş iynələri, iyulun yeddisində bir hədiyyə, onu istəyirəm və alıram, mahnı oxuyuram, oxudum, bundan sonra bizim möcüzəmizin - sevgimizin mahnısını oxuyacağam.

Bu nə sevgi, nə şəfqət, nə də ehtirasdır. Bu həyatın özüdür, mənim həyatım, sənin əllərində, dodaqlarında, sinəndə tapdığım həyat. Ağzımda sənin dodaqlarından qalan badam dadı var. Bizim dünyalarımız heç vaxt kənara çıxmadı. Bir dağın içini yalnız başqa bir dağ bilər.

Frida Kahlonun Dieqo Riveraya məktublarından parçalar.

Tərcümə: Kamala Imanova






No comments:

Post a Comment