Jul 18, 2014

Sevgilim dəniz

Reinaldo Arenas 

Mən həmin kirli, yumru üzlü uşağam
hər küncdə qarşına çıxıb
“on beş dəqiqə vaxtın varmı?” deyə səni bezdirən.

Mən həmin kirli üzlü,
şübhəsiz ki, heç istənməyən uşağam
bütün başqa uşaqların qəhqəhə çəkib tullandıqları yerdə
mən uzaqdan gələn at arabalarını izləyirəm.

Mən həmin sevilməyən,
əlbəttə ki, istənməyən
kirli, yumru üzlü uşağam
balaca qızların qarşısında özünü itirən,
təhqir olunmuş kirli üzünü
nəhəng küçə lampaları aydınlatmadan daha öncə
baxışları ilə ələ verən, o uşağam mən.

Mən həmin hər zamanki acıqlı və tənha uşağam
həmişəki hirsli uşağın qəzəbini üzərinizə töküb,
sizi xəbərdar edirəm:
Əgər riyakarca başımı sığallasanız
bu fürsətdən istifadə edib
cüzdanınızı oğurlayaram.

Mən elə həmin uşağam
qaçılmaz terrorun, cüzamın
qarşısıalınmaz bit-birələrin, günahların
və gələcək bütün cinayətlərin səbəbkarı.

Mən elə həmin iyrənc uşağam
köhnə karton qutulardan
çarpayı hazırlayıb, hələ də ümidlə gözləyirəm ki,
bir gün sən mənim yanıma uzanacaqsan.


Reinaldo Arenas Kastro hərəkatına qatılmış, daha sonra homoseksual olduğu üçün anti-hərəkatçı elan edilərək cezalandırılmış və qovulmuş Latın Amerikalı yazıçıdır. Kubada yayımlanması qadağan olunduğu üçün kitablarını gizlin şəkildə ölkə xaricinə çıxararaq çap etdirir. Bir neçə dəfə həbs həyatı yaşadıqdan sonra Reinaldo ölkəsini tərk etmək məcburiyyətində qalır və 1987-ci ildə AİDS virusuna yoluxur. Yaşamaq üçün bütün gücünü itirən Reinaldo 1990-cı ildə intihar edir.
Arenasın intihar məktubundan:
"Getdikcə ağırlaşan səhhətim və içindən çıxa bilmədiyim bu qorxunc depressiya yazı yazmağımı və Kubanın azadlığı uğrunda mübarizə aparmağımı əngəlləyir. Həyatımı sona çatdırıram.... Ölkədən kənarda, həmçinin adada yaşayan Kuba xalqını azadlıq üçün mübarizə aparmağa səsləyirəm...Kuba azad olacaq. Mənsə artıq azadam."

Tərcümə: Kamala Imanova


P.S. Before Night Falls (2000) filmini izləməyi tövsiyə edirəm.

No comments:

Post a Comment