Yenisini də düzəltmək istəmirəm.
Ona görə yox ki, bacarmaram, əmin deyiləm ki, dəyər zəhmətimə.
Çünki, inanmıram ki, dənizin o biri sahili fərqli olacaq.
Bu dəfə sadəcə sahilin kənarında əyləşib başqalarının qayıqlarını izləyəcəyəm.
Bəziləri əlbəttə ki, dəfələrlə aşacaqlar,
bəziləri bütün dalğaları aşacaqlar,
bəziləri də sadəcə batmadıqlarını göstərmək üçün olduqları yerdə tərpənmədən duracaqlar.
Və heç zaman nə aşmanın,
nə dalğalarla üzləşmənin
və nə də dənizin digər sahillərinin olduğunu biləcəklər.
Yorğun deyiləm, gücüm də var, sadəcə onu işlətmək istəmirəm.
Kövrəlirəm, əslində göz yaşlarım da qalıb ehtiyatda, sadəcə, ağlamağa həvəsim yoxdur.
Məğlub deyiləm, qalib də, orta bir yerdəyəm.
Nə kiməsə məsləhət verəcək qədər ağıllıyam, nə də kimsə mənə məsləhət verəcək qədər ağıllıdır.
Nə yazmaq, nə danışmaq, hər mənada susmaq istəyirəm.
Heç kim də danışmasın.
Sakitliyin səsini dinləyək...
Gələcəyə dair planlar da qurmayacağam.
Çünki, nə həyata keçənlər məni xoşbəxt etdi, nə də keçməyənlər bədbəxt.
Xilaskara ehtiyacım yoxdur, yalançı qəhrəmanlıqları özlərinə qalsın.
Yoxsa yenə düzüləcəklər sıraya riyakar simalarıyla.
Bir az da həyatın mənə dair qurduğu planları izləmək istəyirəm.
Artıq dalğaların vuruşuna dayanacaq qədər güclüyəm, amma kövrək ləpələri addımlarımla incitməyə qıymayacaq qədər zəifəm hələ də...



