Nov 22, 2013

Dostoyevski xatirinə-3

Təcrübəsiz qızdan-mükəmməl qadına doğru

"Əgər digər rus yazıçılarının da Dostoyevskinin həyat yoldaşı kimi həyat yoldaşları olsaydı onlar daha çox xoşbəxt olardılar." - L.N. Tolstoy
***
Fedya çox qəmgin görünürdü. Mən başa düşdüm ki, o yenə də qumarda uduzub. Mən bu səfər də deyinmədim, əksinə ona əlavə pul verdim. Lakin, o yenə də uduzaraq evə döndü və xəcalətlə onu bağışlamağımı xahiş etdi. 
(Fanat oyunçu olan Dostoyevski həyat yoldaşının köməyi ilə qumarı həmişəlik tərgidir.)
***
Bütün ömrüm boyu bir şey mənim üçün müəmmalı qaldı. Mənim sevimli ərim, bütün digər ərlər kimi məni sadəcə sevib-hörmət etmirdi. O mənə heyran idi, sanki mən sadəcə onun üçün yaranmış xüsusi bir varlıq idim. Və bu sadəcə evliliyimizin ilk günlərində deyil, bərabər keçirdiyimiz bütün illərdə belə oldu. Əslində isə mən nə gözəlliyim, nə istedadım, nə də xüsusi zəkamla fərqlənirdim, təhsilimsə orta (gimnaziya) təhsil idi. Və bütün bunlara baxmayaraq mən bu cür ağıllı və istedadlı bir insanın hörmət və heyranlığını qazanmışdım.
***

"Mənim sevimli mələyim, Anya: qarşında diz çökür, yalvarır, sənin ayaqlarını öpürəm. Sən mənim gələcəyimsən, hər şeyimsən - həm ümidim, həm inamım, həm xoşbəxtliyim, həm də səadətimsən." - F.M. Dostoyevski.
***

Və onlar 14 il bərabər xoşbəxt ömür sürürlər. Onları yalnız ölüm ayıra bilir. Ölüm anında o Annanın əlini tutaraq sonuncu dəfə onu sevdiyini pıçıldayır...

 
A.Q.Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Dostoyevski xatirinə-2


Xəyallar gərçəkləşir-Dostoyevskidən evlilik təklifi

Uzun müddət idi ki, aramızda belə bir adət yaranmışdı: görüşmədiyimiz zamanlarda Fyodor Mixayloviç nələr etdiyini və haralara getdiyini mənə danışardı. Son günlərdə nələr etdiyini soruşmaq üçün səbirsizlənirdim. 
- Yeni roman düşünmüşəm, - dedi o.
- Doğurdan? Maraqlıdır?
- Mənim üçün maraqlıdır: ancaq romanın sonunu bitirməkdə çətinlik çəkirəm. Bunun üçün gənc xanımın fikrinə ehtiyacım var, mənə kömək edərsiniz?
Mən qürurla istedadlı yazıçıya kömək etməyə hazırlaşırdım.
- Bəs romanın qəhrəmanı kimdir?
- Heç də gənc olmayan bir rəssam, bir sözlə desək, mənim yaşlarımda biridir. 
Fyodor Mixayloviç danışdıqca mənə elə gəlirdi ki, o sadəcə şəxsləri və şəraiti dəyişərək öz həyatını danışırdı. Çətin uşaqlıq, erkən yaşda ata itkisi, keşməkeşli həyat, xəstəlik rəssamın həyatından və yaradıcılığından uzun illərini qoparmışdı. Lakin, rəssamın həyata yenidən bağlanması: aşiq olduğu qadına rastlaması da burada təsvir olunurdu. Qəhrəmanın daxili dünyası, tənhalığı, yeni həyata başlamaq həsrəti, sevgi ehtiyacı elə sıralanmışdı ki, bunların sadəcə rəssama aid olmadığını anlayırdım. 
- Həyatının bu anında rəssam sizin yaşlarınızda olan Anna adında gənc bir qızla tanış olur. Rəsm dərnəyində tez-tez gördüyü Annadan getdikcə daha çox xoşu gəlməyə başlayır və onunla xoşbəxtliyini tapa biləcəyinə əmin olur. Lakin, bu arzunun gərçəkləşməsi mümkün deyil. Axı bu yaşlı, borcları olan xəstə adam sağlam, gənc, həyat eşqiylə dolu olan bu qıza nə verə bilər? Gənc qız tərəfindən rəssamı sevmək böyük fədakarlıq deyilmi? Onunla həyatını birləşdirdiyi üçün sonralar peşman olmazmı? Bundan başqa, aralarında bu qədər xasiyyət və yaş fərqi varkən mümkündürmü ki, bu gənc qız mənim rəssamımı sevsin? Bu yanlış olmazmı? Məhz bu haqda mən sizin fikrinizi öyrənmək istəyərdim, Anna Qriqoryevna.
- Niyə mümkün olmasın ki? Əgər sizin dediyiniz kimi Anna böyük ürəyə sahibdirsə niyə də o sizin rəssamınızı sevməsin ki? Nə olsun ki, o xəstə və kasıbdır? Məgər insanı sadəcə görünüşünə və var-dövlətinə görə sevmək olar? Və burada Anna tərəfindən qurban sayılacaq nə var ki? Əgər o rəssamı sevirsə bu o deməkdir ki, özü də xoşbəxt olacaq və seçiminə görə heç vaxt peşman olmayacaq.
- Və siz həqiqətəndə onun səmimi qəlbdən və ömürlük sevə biləcəyinə inanırsınız? Özünüzü Annanın yerinə qoyun, - səsi titrəyərək davam etdi Fyodor Mixayloviç. Düşünün ki, o rəssam mənəm, sizi sevdiyimi etiraf edirəm və mənim həyat yoldaşım olmağınızı istəyirəm. Siz mənə nə cavab verərdiniz?
Fyodor Mixayloviç bunları söylərkən o qədər həyəcan, əziyyət, çaşqınlıq içərisində görünürdü ki, mən nəhayət anladım ki, aramızda gedən sadəcə hər-hansısa ədəbi söhbət deyil. Mənim üçün dəyərli insan olan Fyodor Mixayloviçin həyəcanlı üzünə baxdım və dedim:
- Mən cavab verərdim ki, mən sizi sevirəm və ömrüm boyu sevəcəyəm!
O unudulmaz anda Fyodor Mixayloviçin mənə dediyi sevgi dolu, incə sözləri mən sizinlə bölüşməyəcəyəm, onlar mənim üçün müqəddəsdir...

A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"
kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Nov 17, 2013

Dostoyevski xatirinə-1

Qardaşına yazdığı məktublarda Dostoyevski deyirdi: "Bizim aramızdakı yaş fərqi dəhşətlidir (20-45), amma mən hər gün daha çox əmin oluram ki, o xoşbəxt olacaq. Onun qəlbi var və sevməyi bacarır o." 


Sevimli yazıçı-gələcək həyat yoldaşı ilə tanışlıq

Dostoyevskinin yanında stenoqrafçı işləmək mənə təklif olunanda dərhal qəbul etmişdim. Dostoyevski adı mənə uşaqlıqdan tanış idi: o atamın sevimli yazıçısı idi. İstedadlı yazıçıyla tanış olmaq fikri, ona kömək etmək məni həddindən artıq çox sevindirirdi. Həyəcandan bütün gecəni yata bilməmişdim, beynim onu təsvir etməklə, onunla ilk dəfə necə danışacağımı düşünməklə məşğul idi.
***
İlk baxışdan Dostoyevski mənə yaşlı görsənmişdi. Ancaq, danışmağa başlayanda onun 35-37 yaşlarda olduğunu düşünmüşdüm. Orta boylu və dik qamətli idi. Açıq-şabalıdı, biraz da qırmızımtıl olan saçları səliqəylə daranmışdı. Məni təəccübləndirənsə onun gözləri idi; onlar bir-birindən fərqlənirdilər: biri - qonur rəngdə idi, digərinin göz bəbəyi genişlənərək bütün gözünə yayılmışdı. Bu fərqlilik Dostoyevskinin baxışlarına sirli ifadə verirdi.
 ***
İlk tanışlığımız üzərimdə çox kədərli təəssürat buraxmışdı. Həyatımda ilk dəfə bu qədər ağıllı, xeyirxah, amma sanki hər kəs tərəfindən atılmış, bədbəxt bir insan görürdüm. Və bu qəlbimdə dərin hüzün və şəfqət hissi oyatmışdı.
***
Sevimli yazıçıma nəinki işlərində kömək etmək, həm də onun əhvalına müsbət təsir etdiyim üçün özümlə qürur duyurdum. Bunlar məni öz gözümdə ucaldırdı.
***
Fyodor Mixayloviçlə çalışdığım müddətdə demək olar ki, heç bir dəfə də onun üzünə gülməmişdim, mənim ciddiliyim onun xoşuna gəlmişdi. Sonralar etiraflarında özümü idarə edə bilmək bacarığıma heyran olduğunu söyləmişdi. Həmin dövrün gənc xanımlarından fərqlənməyim onu çox heyrətləndirmişdi.
***

Fərqində olmadan mən onu öz əhatəmdəki gənc oğlanlarla müqayisə edirdim. Sevimli yazıçımın hər zaman yenilənən və orijinal olan fikirləriylə müqayisədə onların söhbətləri mənə boş və cılız gəlirdi.
***

Fyodor Mixayloviç hər zaman qəmgin söhbətlər edərdi. Bir dəfə mən özümü saxlaya bilmədim və soruşdum:
- Fyodor Mixayloviç, axı nə üçün siz həmişə ancaq kədərli hadisələri yada salırsınız? Bəlkə, xoşbəxt olduğunuz anlardan danışasınız bir az.
- Xoşbəxt? Mən hələ xoşbəxt olmamışam, ən azından hər zaman arzuladığım xoşbəxtliyi hələ dadmamışam, onu gözləyirəm. Bu yaxınlarda dostuma, baron Vranqelə məktub yazmışdım ki, başıma gələn bəlalara baxmayaraq mən hələ də yeni və xoşbəxt həyat arzulayıram.
***
Yeni ideyaların təsiri altında sağollaşarkən, evdə darıxardım və Fyodor Mixayloviçlə sabahki görüşümüzü səbirsizliklə gözləyərdim. İş birliyimizin sona çatmaq üzrə olması məni çox kədərləndirərdi.
***
- Sizcə özümə necə həyat yoldaşı seçməliyəm: ağıllı yoxsa yaxşı? - Fyodor Mixayloviç soruşdu.
- Əlbəttə, ağıllı.

- Xeyr, əgər seçməli olsam, mən yaxşını seçərəm ki, mənə mərhəmətlə yanaşsın və məni sevsin.
Sonra Fyodor Mixayloviç məndən soruşdu: bəs mən niyə ailə qurmuram? Mənə elçi düşən iki nəfər haqqında ona danışdım. Dedim ki, hər ikisi çox gözəl insanlardır və mən onlara çox hörmət edirəm, lakin onlara qarşı sevgim yoxdur, mənsə sevgi üzərində ailə qurmaq istəyərdim.
- Əlbəttə sevgi, - deyə dəstəklədi məni Fyodor Mixayloviç, - xoşbəxt ailə üçün təkcə hörmət kifayət deyil!

A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"
kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Nov 8, 2013

Heyvanlar necə düşünür?



 
"Heyvanlardan qidalanmaq üçün istifadə etməyi təbii hal hesab edirəm, lakin bunu düzgün qaydada etmək lazımdır. Heyvanlara rahat həyat və ağrısız ölüm verməliyik. Biz heyvanlara hörmət etməyə məcburuq."

Temple Grandin Kolorado Dövlət Universitetində heyvandarlıq elmləri üzrə professor, yazıçı, autizm aktivisti və heyvandarlıq sektorunda məsləhətçidir. Temple Grandin iribuynuzlu heyvanların idarə olunması zamanı heyvanlarla düzgün rəftar etmək üçün davranış qaydaları sistemini yaratmışdır. Həmçinin, autist uşaqları sakitləşdirmək məqsədilə Hug Box (qucaqlama qutusu) adlanan mexanizmdən istifadə etmək də onun fikri olmuşdur.

Autizmin müxtəlif dərəcələri var. Bu məndə olduğu kimi yumşaq formada yansıya bilər, həm də bir uşağın heç vaxt danışmağı öyrənə bilməyəcəyi kimi ağır dərəcələrdə də ola bilər.

Autizm xəstəliyi olan bir insan kimi heyvanların düşüncələrini anlamaq mənə asandır, çünki mən də düşünərkən beynimdə eyni proseslər gedir.

Bir dəfə at məşqçisi mənə dedi, "Heyvanlar düşünmürlər, onlar sadəcə assosiasiyalar qururlar." Mən belə cavab verdim, "Əgər assosiasiyalar qurmaq düşünmək sayılmırsa, o zaman mən də düşünmürəm." 

Autistlər və heyvanlar, hər ikisi vizual əlaqələndirmələr yaradaraq düşünürlər. Bu əlaqələndirmələr hadisələrin şəkilləri kimidir və çox spesifikdirlər. Məsələn, at naxırda olan saqqallı bir adamın ona yaxşı davrandığı halda belə ondan qorxa bilər. Bu situasiya keçmişdə hər hansı saqqallı bir adamın ona at naxırında pis davranması ilə bağlıdır.

Mənim verbal (nitqli) ünsiyyətə əsaslanan düşüncələrim yoxdur. Mən beynimdə olan videolentlərdəki rəsimlərlə düşünürəm. Hər hansı bir şeyi yadıma salmaq istəyəndə mən ancaq rəsimlər görürəm. Əvvəllər elə bilirdim ki, hamı mənim kimi düşünür. Sonra insanlarla necə düşündükləri barədə söhbət etməyə başlayanda anladım ki, onlar tamamilə fərqli formada düşünürlər.

Qorxu autizm xəstəliyində, həmçinin at və iribuynuzlu ov heyvanlarında başlıca emosiyalardan biridir. Atların və iribuynuzlu heyvanların qorxmalarına səbəb olan şeylər autist uşaqları da qorxudur. Məsələn, küləkli havada uçan kağız parçası kimi hərəkət edən hər hansı kiçik bir əşya qorxu hissi yarada bilir.

Həm heyvanlar, həm də autistlər yüksək, zil səslərdən qorxurlar. Mənim hələ də yüksək səslərlə bağlı qorxularım var.

Mən uşaq olanda məktəbdə çalınan zəngin səsi sanki diş həkiminin burğusunun səsi kimi qulaqlarımda çalardı. At yarışlarındakı mikrofon səsi də çox güman ki atlarda buna bənzər təsir yaradır.

Qorxu ilə bağlı xatirələr beyindən silinmir.

Qorxu heyvanlarda ən önəmli xasiyyət və temperament göstəricisidir. Daha çılğın temperamentli heyvanlar adətən daha ürkək olurlar və qorxu ilə bağlı xatirələri daha çox yadda qalan olur. Lakin, soyuqqanlı, sakit temperamentli heyvanlarda bunun əksi müşahidə olunur.

Qorxu nəticəsində ortaya çıxan davranışlar müxtəlif olur. Qorxu atın qaçmasına, hücum çəkməsinə səbəb ola bilər. Məsələn, at əgər uzun müddət təpik atırsa və ya dişləməyə cəhd edirsə bu heç də aqressiv davranış sayılmır, bunun səbəbi qorxudur. Qorxduğu hallarda at qaçıb qurtula bilmirsə hücum etməyə başlayır. 

İt təlimçiləri deyirlər ki, qorxu səbəbiylə heyvanın sərgilədiyi pis davranışı cəzalandırmaq heç də yaxşı fikir deyil. Bu daha da pis nəticələrə səbəb olacaq. At kişnəmək, hücum etmək kimi aqressiv davranışlar göstərdiyi zaman məşqçi atın əsəbi olduğunu düşünüb yanlış anlaşılma səbəbilə özü də əsəbləşə bilər. Halbuki əslində at sadəcə çox qorxmuş ola bilər. 

"Əgər sehirli çubuqla autizmin kökü yer üzündən silinsəydi, insanlar hələ də mağaranın qarşısında, tonqalın ətrafına yığışaraq ünsiyyət qurardılar.

Temple Grandinin 'Thinking the way animals do' adlı mühazirəsindən.

Tərcümə: Kamala Imanova

P.S. 'Temple Grandin' filmini izləməyi çox tövsiyə edirəm.