Uzun müddət idi ki, aramızda belə bir adət yaranmışdı: görüşmədiyimiz zamanlarda Fyodor Mixayloviç nələr etdiyini və haralara getdiyini mənə danışardı. Son günlərdə nələr etdiyini soruşmaq üçün səbirsizlənirdim.
- Yeni roman düşünmüşəm, - dedi o.
- Doğurdan? Maraqlıdır?
- Mənim üçün maraqlıdır: ancaq romanın sonunu bitirməkdə çətinlik çəkirəm. Bunun üçün gənc xanımın fikrinə ehtiyacım var, mənə kömək edərsiniz?
Mən qürurla istedadlı yazıçıya kömək etməyə hazırlaşırdım.
- Bəs romanın qəhrəmanı kimdir?
- Heç də gənc olmayan bir rəssam, bir sözlə desək, mənim yaşlarımda biridir.
Fyodor Mixayloviç danışdıqca mənə elə gəlirdi ki, o sadəcə şəxsləri və şəraiti dəyişərək öz həyatını danışırdı. Çətin uşaqlıq, erkən yaşda ata itkisi, keşməkeşli həyat, xəstəlik rəssamın həyatından və yaradıcılığından uzun illərini qoparmışdı. Lakin, rəssamın həyata yenidən bağlanması: aşiq olduğu qadına rastlaması da burada təsvir olunurdu. Qəhrəmanın daxili dünyası, tənhalığı, yeni həyata başlamaq həsrəti, sevgi ehtiyacı elə sıralanmışdı ki, bunların sadəcə rəssama aid olmadığını anlayırdım.
- Həyatının bu anında rəssam sizin yaşlarınızda olan Anna adında gənc bir qızla tanış olur. Rəsm dərnəyində tez-tez gördüyü Annadan getdikcə daha çox xoşu gəlməyə başlayır və onunla xoşbəxtliyini tapa biləcəyinə əmin olur. Lakin, bu arzunun gərçəkləşməsi mümkün deyil. Axı bu yaşlı, borcları olan xəstə adam sağlam, gənc, həyat eşqiylə dolu olan bu qıza nə verə bilər? Gənc qız tərəfindən rəssamı sevmək böyük fədakarlıq deyilmi? Onunla həyatını birləşdirdiyi üçün sonralar peşman olmazmı? Bundan başqa, aralarında bu qədər xasiyyət və yaş fərqi varkən mümkündürmü ki, bu gənc qız mənim rəssamımı sevsin? Bu yanlış olmazmı? Məhz bu haqda mən sizin fikrinizi öyrənmək istəyərdim, Anna Qriqoryevna.
- Niyə mümkün olmasın ki? Əgər sizin dediyiniz kimi Anna böyük ürəyə sahibdirsə niyə də o sizin rəssamınızı sevməsin ki? Nə olsun ki, o xəstə və kasıbdır? Məgər insanı sadəcə görünüşünə və var-dövlətinə görə sevmək olar? Və burada Anna tərəfindən qurban sayılacaq nə var ki? Əgər o rəssamı sevirsə bu o deməkdir ki, özü də xoşbəxt olacaq və seçiminə görə heç vaxt peşman olmayacaq.
- Və siz həqiqətəndə onun səmimi qəlbdən və ömürlük sevə biləcəyinə inanırsınız? Özünüzü Annanın yerinə qoyun, - səsi titrəyərək davam etdi Fyodor Mixayloviç. Düşünün ki, o rəssam mənəm, sizi sevdiyimi etiraf edirəm və mənim həyat yoldaşım olmağınızı istəyirəm. Siz mənə nə cavab verərdiniz?
Fyodor Mixayloviç bunları söylərkən o qədər həyəcan, əziyyət, çaşqınlıq içərisində görünürdü ki, mən nəhayət anladım ki, aramızda gedən sadəcə hər-hansısa ədəbi söhbət deyil. Mənim üçün dəyərli insan olan Fyodor Mixayloviçin həyəcanlı üzünə baxdım və dedim:
- Mən cavab verərdim ki, mən sizi sevirəm və ömrüm boyu sevəcəyəm!
O unudulmaz anda Fyodor Mixayloviçin mənə dediyi sevgi dolu, incə sözləri mən sizinlə bölüşməyəcəyəm, onlar mənim üçün müqəddəsdir...
A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания")
A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания")
kitabından parçalar.

No comments:
Post a Comment