Dec 11, 2013

5 gün 7 saat və ya Dum spiro spero*


Yavaş-yavaş ölürlər
Vərdişlərinə əsir olanlar,
Hər gün eyni yollarda gedənlər,
Üfüqlərini genişlətməyənlər və dəyişdirməyənlər.

Yavaş-yavaş ölürlər...**



Hər gün yeni və fərqli günəş görməkdən daha gözəl nə ola bilər?!

28 yaşındaykən Aron Ralston Koloradonun bütün qayalarına qalxmaq məqsədilə Inteldəki uğurlu karyerasını tərk edir. Müsahibələrinin birində o deyir: "Beş illik uğurlu karyeram var idi, amma hələ də həyatımda nəsə çatışmırdı." 2003-cü ildə Yuta dərələrini gəzərkən sağ qolu üzərinə böyük qaya parçası düşür. Beş gün yeddi saat ərzində qolunu daşın altından çıxara bilmədiyi üçün küt bir alətlə öz sağ qolunu amputasiya edir və bunun nəticəsində həyatını xilas edə bilir.

Aşağıda gətirdiyim sitatlar Aron Ralstonun 2004-cü ildə nəşr olunan avtobioqrafik səciyyəli «Between a Rock and a Hard Place» adlı kitabındandır:

Bu mənəm. Mən özüm bunu seçmişəm. Bəli, bunların hamısını mən seçmişəm. Bu qaya bütün ömrüm boyu məni gözləyib. Bütün həyatım boyu mən ona doğru yönəlirmişəm.

Hər şeyin səbəbi var. Və elə həyatın gözəlliyi də ondadır ki, bizim bu səbəblərdən xəbərimiz yoxdur.

Düşən qaya parçası o gün öz yerindən tərpənərək üzərimə düşməli idi. Aşmaq -  qayalardan qopub düşən daşlara xas olan bir şeydir. O səni gözləyirdi. Kimsə gəlib onu aşırmağa çalışsa belə o yenə də uzun illər boyu tərpənmədən öz yerində qalacaqdı. Sən bunu etdin, Aron. Onu sən yaratdın. Bugün bura gəlməyi sən özün seçdin. Hara getməyin barədə heç kimə məlumat verməməyi də sən seçdin. Tərk etdiyin qadın indi yanında olsaydı bu çətinlikləri yaşamazdın. Amma onu tərk etməyi də sən seçdin. Bunun bu cür olmasını sən istədin. Bütün bunların baş verəcəyi artıq çoxdan müəyyən olunmuşdu. Qət etdiyin bütün yollar bunları yaşamağın üçün idi. 
Bu layiq olduğunu yaşamaq deyil - bu ÖZ SEÇDİYİNİ yaşamaqdır.

Rahat şərait, arxayınlıq və konservatizm ilə əhatə olunan bir çox insanlar xoşbəxt olmadıqları halda belə həyatlarını dəyişməyə cəhd etmirlər. Amma bu siğortalı həyat sadəcə onların beyinlərini sakitləşdirir, əslində isə avantürist ruha sahib olan bir insan üçün siğortalı gələcəkdən daha təhlükəli heçnə yoxdur. İnsanın həyat eşqini artıran ən başlıca səbəb sərgüzəştlərə olan ehtirasıdır. Həyat eşqi yeni təcrübələr qazanmaqla artır. 

Uzaqlara çıxıb getməyincə nəyə qadir olduğunu və öz sərhədinin harada bitdiyini heç vaxt bilməyəcəksən. 
Bu bədbəxt hadisə özümü sınamaq üçün bir fürsət idi. Mən kim olduğumu anlamaq istəyirdim: bu çarəsizlik içində məğlub olaraq ölən insan idim yoxsa bütün maneələri aşaraq özünə və başqalarına nümunə olan insan?

Cibimdəki küt bıçaqla qolumu kəsməyə çalışırdım. Sümüyə çatanda isə üzərimə düşən daşın köməyi ilə qolumun sümüyünü sındırdım.

Gözlərimi yumduğum zaman özümü və gələcəkdə doğulacaq oğlumu görürdüm. Onun mavi gözlərini gördükdən sonra anladım ki, mən burdan çıxmağın yolunu tapmalıyam.  Başqa yol yoxdur. Bu kanyonun içərisində tək başına ölmək fikrim yox idi.

Tərcümə: Kamala Imanova



*Dum spiro spero. (While I breathe, I hope.) - qədim Latın yazarlarının əsərlərindən alınmışdır. Bir sıra xalqların mottosuna çevrilmiş ifadədir.

** Pablo Neruda - "Yavaş-yavaş ölürlər" şerindən parça. 



Nov 22, 2013

Dostoyevski xatirinə-3

Təcrübəsiz qızdan-mükəmməl qadına doğru

"Əgər digər rus yazıçılarının da Dostoyevskinin həyat yoldaşı kimi həyat yoldaşları olsaydı onlar daha çox xoşbəxt olardılar." - L.N. Tolstoy
***
Fedya çox qəmgin görünürdü. Mən başa düşdüm ki, o yenə də qumarda uduzub. Mən bu səfər də deyinmədim, əksinə ona əlavə pul verdim. Lakin, o yenə də uduzaraq evə döndü və xəcalətlə onu bağışlamağımı xahiş etdi. 
(Fanat oyunçu olan Dostoyevski həyat yoldaşının köməyi ilə qumarı həmişəlik tərgidir.)
***
Bütün ömrüm boyu bir şey mənim üçün müəmmalı qaldı. Mənim sevimli ərim, bütün digər ərlər kimi məni sadəcə sevib-hörmət etmirdi. O mənə heyran idi, sanki mən sadəcə onun üçün yaranmış xüsusi bir varlıq idim. Və bu sadəcə evliliyimizin ilk günlərində deyil, bərabər keçirdiyimiz bütün illərdə belə oldu. Əslində isə mən nə gözəlliyim, nə istedadım, nə də xüsusi zəkamla fərqlənirdim, təhsilimsə orta (gimnaziya) təhsil idi. Və bütün bunlara baxmayaraq mən bu cür ağıllı və istedadlı bir insanın hörmət və heyranlığını qazanmışdım.
***

"Mənim sevimli mələyim, Anya: qarşında diz çökür, yalvarır, sənin ayaqlarını öpürəm. Sən mənim gələcəyimsən, hər şeyimsən - həm ümidim, həm inamım, həm xoşbəxtliyim, həm də səadətimsən." - F.M. Dostoyevski.
***

Və onlar 14 il bərabər xoşbəxt ömür sürürlər. Onları yalnız ölüm ayıra bilir. Ölüm anında o Annanın əlini tutaraq sonuncu dəfə onu sevdiyini pıçıldayır...

 
A.Q.Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Dostoyevski xatirinə-2


Xəyallar gərçəkləşir-Dostoyevskidən evlilik təklifi

Uzun müddət idi ki, aramızda belə bir adət yaranmışdı: görüşmədiyimiz zamanlarda Fyodor Mixayloviç nələr etdiyini və haralara getdiyini mənə danışardı. Son günlərdə nələr etdiyini soruşmaq üçün səbirsizlənirdim. 
- Yeni roman düşünmüşəm, - dedi o.
- Doğurdan? Maraqlıdır?
- Mənim üçün maraqlıdır: ancaq romanın sonunu bitirməkdə çətinlik çəkirəm. Bunun üçün gənc xanımın fikrinə ehtiyacım var, mənə kömək edərsiniz?
Mən qürurla istedadlı yazıçıya kömək etməyə hazırlaşırdım.
- Bəs romanın qəhrəmanı kimdir?
- Heç də gənc olmayan bir rəssam, bir sözlə desək, mənim yaşlarımda biridir. 
Fyodor Mixayloviç danışdıqca mənə elə gəlirdi ki, o sadəcə şəxsləri və şəraiti dəyişərək öz həyatını danışırdı. Çətin uşaqlıq, erkən yaşda ata itkisi, keşməkeşli həyat, xəstəlik rəssamın həyatından və yaradıcılığından uzun illərini qoparmışdı. Lakin, rəssamın həyata yenidən bağlanması: aşiq olduğu qadına rastlaması da burada təsvir olunurdu. Qəhrəmanın daxili dünyası, tənhalığı, yeni həyata başlamaq həsrəti, sevgi ehtiyacı elə sıralanmışdı ki, bunların sadəcə rəssama aid olmadığını anlayırdım. 
- Həyatının bu anında rəssam sizin yaşlarınızda olan Anna adında gənc bir qızla tanış olur. Rəsm dərnəyində tez-tez gördüyü Annadan getdikcə daha çox xoşu gəlməyə başlayır və onunla xoşbəxtliyini tapa biləcəyinə əmin olur. Lakin, bu arzunun gərçəkləşməsi mümkün deyil. Axı bu yaşlı, borcları olan xəstə adam sağlam, gənc, həyat eşqiylə dolu olan bu qıza nə verə bilər? Gənc qız tərəfindən rəssamı sevmək böyük fədakarlıq deyilmi? Onunla həyatını birləşdirdiyi üçün sonralar peşman olmazmı? Bundan başqa, aralarında bu qədər xasiyyət və yaş fərqi varkən mümkündürmü ki, bu gənc qız mənim rəssamımı sevsin? Bu yanlış olmazmı? Məhz bu haqda mən sizin fikrinizi öyrənmək istəyərdim, Anna Qriqoryevna.
- Niyə mümkün olmasın ki? Əgər sizin dediyiniz kimi Anna böyük ürəyə sahibdirsə niyə də o sizin rəssamınızı sevməsin ki? Nə olsun ki, o xəstə və kasıbdır? Məgər insanı sadəcə görünüşünə və var-dövlətinə görə sevmək olar? Və burada Anna tərəfindən qurban sayılacaq nə var ki? Əgər o rəssamı sevirsə bu o deməkdir ki, özü də xoşbəxt olacaq və seçiminə görə heç vaxt peşman olmayacaq.
- Və siz həqiqətəndə onun səmimi qəlbdən və ömürlük sevə biləcəyinə inanırsınız? Özünüzü Annanın yerinə qoyun, - səsi titrəyərək davam etdi Fyodor Mixayloviç. Düşünün ki, o rəssam mənəm, sizi sevdiyimi etiraf edirəm və mənim həyat yoldaşım olmağınızı istəyirəm. Siz mənə nə cavab verərdiniz?
Fyodor Mixayloviç bunları söylərkən o qədər həyəcan, əziyyət, çaşqınlıq içərisində görünürdü ki, mən nəhayət anladım ki, aramızda gedən sadəcə hər-hansısa ədəbi söhbət deyil. Mənim üçün dəyərli insan olan Fyodor Mixayloviçin həyəcanlı üzünə baxdım və dedim:
- Mən cavab verərdim ki, mən sizi sevirəm və ömrüm boyu sevəcəyəm!
O unudulmaz anda Fyodor Mixayloviçin mənə dediyi sevgi dolu, incə sözləri mən sizinlə bölüşməyəcəyəm, onlar mənim üçün müqəddəsdir...

A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"
kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Nov 17, 2013

Dostoyevski xatirinə-1

Qardaşına yazdığı məktublarda Dostoyevski deyirdi: "Bizim aramızdakı yaş fərqi dəhşətlidir (20-45), amma mən hər gün daha çox əmin oluram ki, o xoşbəxt olacaq. Onun qəlbi var və sevməyi bacarır o." 


Sevimli yazıçı-gələcək həyat yoldaşı ilə tanışlıq

Dostoyevskinin yanında stenoqrafçı işləmək mənə təklif olunanda dərhal qəbul etmişdim. Dostoyevski adı mənə uşaqlıqdan tanış idi: o atamın sevimli yazıçısı idi. İstedadlı yazıçıyla tanış olmaq fikri, ona kömək etmək məni həddindən artıq çox sevindirirdi. Həyəcandan bütün gecəni yata bilməmişdim, beynim onu təsvir etməklə, onunla ilk dəfə necə danışacağımı düşünməklə məşğul idi.
***
İlk baxışdan Dostoyevski mənə yaşlı görsənmişdi. Ancaq, danışmağa başlayanda onun 35-37 yaşlarda olduğunu düşünmüşdüm. Orta boylu və dik qamətli idi. Açıq-şabalıdı, biraz da qırmızımtıl olan saçları səliqəylə daranmışdı. Məni təəccübləndirənsə onun gözləri idi; onlar bir-birindən fərqlənirdilər: biri - qonur rəngdə idi, digərinin göz bəbəyi genişlənərək bütün gözünə yayılmışdı. Bu fərqlilik Dostoyevskinin baxışlarına sirli ifadə verirdi.
 ***
İlk tanışlığımız üzərimdə çox kədərli təəssürat buraxmışdı. Həyatımda ilk dəfə bu qədər ağıllı, xeyirxah, amma sanki hər kəs tərəfindən atılmış, bədbəxt bir insan görürdüm. Və bu qəlbimdə dərin hüzün və şəfqət hissi oyatmışdı.
***
Sevimli yazıçıma nəinki işlərində kömək etmək, həm də onun əhvalına müsbət təsir etdiyim üçün özümlə qürur duyurdum. Bunlar məni öz gözümdə ucaldırdı.
***
Fyodor Mixayloviçlə çalışdığım müddətdə demək olar ki, heç bir dəfə də onun üzünə gülməmişdim, mənim ciddiliyim onun xoşuna gəlmişdi. Sonralar etiraflarında özümü idarə edə bilmək bacarığıma heyran olduğunu söyləmişdi. Həmin dövrün gənc xanımlarından fərqlənməyim onu çox heyrətləndirmişdi.
***

Fərqində olmadan mən onu öz əhatəmdəki gənc oğlanlarla müqayisə edirdim. Sevimli yazıçımın hər zaman yenilənən və orijinal olan fikirləriylə müqayisədə onların söhbətləri mənə boş və cılız gəlirdi.
***

Fyodor Mixayloviç hər zaman qəmgin söhbətlər edərdi. Bir dəfə mən özümü saxlaya bilmədim və soruşdum:
- Fyodor Mixayloviç, axı nə üçün siz həmişə ancaq kədərli hadisələri yada salırsınız? Bəlkə, xoşbəxt olduğunuz anlardan danışasınız bir az.
- Xoşbəxt? Mən hələ xoşbəxt olmamışam, ən azından hər zaman arzuladığım xoşbəxtliyi hələ dadmamışam, onu gözləyirəm. Bu yaxınlarda dostuma, baron Vranqelə məktub yazmışdım ki, başıma gələn bəlalara baxmayaraq mən hələ də yeni və xoşbəxt həyat arzulayıram.
***
Yeni ideyaların təsiri altında sağollaşarkən, evdə darıxardım və Fyodor Mixayloviçlə sabahki görüşümüzü səbirsizliklə gözləyərdim. İş birliyimizin sona çatmaq üzrə olması məni çox kədərləndirərdi.
***
- Sizcə özümə necə həyat yoldaşı seçməliyəm: ağıllı yoxsa yaxşı? - Fyodor Mixayloviç soruşdu.
- Əlbəttə, ağıllı.

- Xeyr, əgər seçməli olsam, mən yaxşını seçərəm ki, mənə mərhəmətlə yanaşsın və məni sevsin.
Sonra Fyodor Mixayloviç məndən soruşdu: bəs mən niyə ailə qurmuram? Mənə elçi düşən iki nəfər haqqında ona danışdım. Dedim ki, hər ikisi çox gözəl insanlardır və mən onlara çox hörmət edirəm, lakin onlara qarşı sevgim yoxdur, mənsə sevgi üzərində ailə qurmaq istəyərdim.
- Əlbəttə sevgi, - deyə dəstəklədi məni Fyodor Mixayloviç, - xoşbəxt ailə üçün təkcə hörmət kifayət deyil!

A. Q. Dostoyevskayanın "Xatirələr" (А.Г. Достоевская. "Воспоминания"
kitabından parçalar.

Tərcümə: Kamala Imanova

Nov 8, 2013

Heyvanlar necə düşünür?



 
"Heyvanlardan qidalanmaq üçün istifadə etməyi təbii hal hesab edirəm, lakin bunu düzgün qaydada etmək lazımdır. Heyvanlara rahat həyat və ağrısız ölüm verməliyik. Biz heyvanlara hörmət etməyə məcburuq."

Temple Grandin Kolorado Dövlət Universitetində heyvandarlıq elmləri üzrə professor, yazıçı, autizm aktivisti və heyvandarlıq sektorunda məsləhətçidir. Temple Grandin iribuynuzlu heyvanların idarə olunması zamanı heyvanlarla düzgün rəftar etmək üçün davranış qaydaları sistemini yaratmışdır. Həmçinin, autist uşaqları sakitləşdirmək məqsədilə Hug Box (qucaqlama qutusu) adlanan mexanizmdən istifadə etmək də onun fikri olmuşdur.

Autizmin müxtəlif dərəcələri var. Bu məndə olduğu kimi yumşaq formada yansıya bilər, həm də bir uşağın heç vaxt danışmağı öyrənə bilməyəcəyi kimi ağır dərəcələrdə də ola bilər.

Autizm xəstəliyi olan bir insan kimi heyvanların düşüncələrini anlamaq mənə asandır, çünki mən də düşünərkən beynimdə eyni proseslər gedir.

Bir dəfə at məşqçisi mənə dedi, "Heyvanlar düşünmürlər, onlar sadəcə assosiasiyalar qururlar." Mən belə cavab verdim, "Əgər assosiasiyalar qurmaq düşünmək sayılmırsa, o zaman mən də düşünmürəm." 

Autistlər və heyvanlar, hər ikisi vizual əlaqələndirmələr yaradaraq düşünürlər. Bu əlaqələndirmələr hadisələrin şəkilləri kimidir və çox spesifikdirlər. Məsələn, at naxırda olan saqqallı bir adamın ona yaxşı davrandığı halda belə ondan qorxa bilər. Bu situasiya keçmişdə hər hansı saqqallı bir adamın ona at naxırında pis davranması ilə bağlıdır.

Mənim verbal (nitqli) ünsiyyətə əsaslanan düşüncələrim yoxdur. Mən beynimdə olan videolentlərdəki rəsimlərlə düşünürəm. Hər hansı bir şeyi yadıma salmaq istəyəndə mən ancaq rəsimlər görürəm. Əvvəllər elə bilirdim ki, hamı mənim kimi düşünür. Sonra insanlarla necə düşündükləri barədə söhbət etməyə başlayanda anladım ki, onlar tamamilə fərqli formada düşünürlər.

Qorxu autizm xəstəliyində, həmçinin at və iribuynuzlu ov heyvanlarında başlıca emosiyalardan biridir. Atların və iribuynuzlu heyvanların qorxmalarına səbəb olan şeylər autist uşaqları da qorxudur. Məsələn, küləkli havada uçan kağız parçası kimi hərəkət edən hər hansı kiçik bir əşya qorxu hissi yarada bilir.

Həm heyvanlar, həm də autistlər yüksək, zil səslərdən qorxurlar. Mənim hələ də yüksək səslərlə bağlı qorxularım var.

Mən uşaq olanda məktəbdə çalınan zəngin səsi sanki diş həkiminin burğusunun səsi kimi qulaqlarımda çalardı. At yarışlarındakı mikrofon səsi də çox güman ki atlarda buna bənzər təsir yaradır.

Qorxu ilə bağlı xatirələr beyindən silinmir.

Qorxu heyvanlarda ən önəmli xasiyyət və temperament göstəricisidir. Daha çılğın temperamentli heyvanlar adətən daha ürkək olurlar və qorxu ilə bağlı xatirələri daha çox yadda qalan olur. Lakin, soyuqqanlı, sakit temperamentli heyvanlarda bunun əksi müşahidə olunur.

Qorxu nəticəsində ortaya çıxan davranışlar müxtəlif olur. Qorxu atın qaçmasına, hücum çəkməsinə səbəb ola bilər. Məsələn, at əgər uzun müddət təpik atırsa və ya dişləməyə cəhd edirsə bu heç də aqressiv davranış sayılmır, bunun səbəbi qorxudur. Qorxduğu hallarda at qaçıb qurtula bilmirsə hücum etməyə başlayır. 

İt təlimçiləri deyirlər ki, qorxu səbəbiylə heyvanın sərgilədiyi pis davranışı cəzalandırmaq heç də yaxşı fikir deyil. Bu daha da pis nəticələrə səbəb olacaq. At kişnəmək, hücum etmək kimi aqressiv davranışlar göstərdiyi zaman məşqçi atın əsəbi olduğunu düşünüb yanlış anlaşılma səbəbilə özü də əsəbləşə bilər. Halbuki əslində at sadəcə çox qorxmuş ola bilər. 

"Əgər sehirli çubuqla autizmin kökü yer üzündən silinsəydi, insanlar hələ də mağaranın qarşısında, tonqalın ətrafına yığışaraq ünsiyyət qurardılar.

Temple Grandinin 'Thinking the way animals do' adlı mühazirəsindən.

Tərcümə: Kamala Imanova

P.S. 'Temple Grandin' filmini izləməyi çox tövsiyə edirəm.
        

Oct 25, 2013

Nasıl mısın, iyi misin?

'Günün birinde, ona çirkin bir soru sordum: bedenini sakındığı bir erkekten yiyecek alır mıydı? Sonra alayla baktım yüzüne; duygulu bir yaratıktım eskiden, ama o korkunç dönemde verdiğimiz yaşama savaşı bütün duygularımı köreltmişti. Duyguları körelmiş bir adam olarak konuştum ben de, kocasının Anne diye çağırdığı kız, gözlerini önüne eğdi, usulca gülümsedi. "Vereceğiniz yiyeceği sevinçle alırım" diye cevap verdi.'

Sentyabrda İstanbul, Kadıköy küçələrini gəzirdim. Ara küçələrin birində qabağıma içərisindən saz sədası gələn, ikinci əl, köhnə kitabların satıldığı dükan çıxdı. Adının qəribəliyi və qiymətinin ucuz olmasıyla məni cəlb edən kitabı aldım. Sadəcə 189 səhifədən ibarət olmasına baxmayaraq içindəki həyatlar kitabı gözümdə o qədər böyütdü ki, tezliklə satacağım kitablarımın siyahısından çıxartdım onu. Adını 'yazıq kitab' qoydum. Kitabın üz qabığındakı Gustav Klimtə aid olduğunu təxmin etdiyim rəsmin əsərlə birbaşa hansı əlaqəsi olduğunu anlamadım. Amma təkcə bu rəsim kitabın üzərimdə buraxdığı təəssüratı o qədər incə təsvir edir ki.
Həyatda ən böyük qorxularımdan biri müharibədir. Heç istəmirəm onu, heç. Bu qorxumun özü belə məni çox qorxudur. İşğal altında olan torpaqlarımızın müharibə yolu ilə alınacağına əmin olsam belə yenə də müharibənin olmamasını, torpaqlarınsa işğal altında qalmaqda davam etməsini seçərəm.
Müharibə çox pisdir, çox.
İnsanlar sadəcə ölmürlər.
İnsanlar ağrayırlar.
Ağramaq çox pisdir.
Nishina Shinzo 1945-ci ildə 8 yaşında idi. Atom bombası partlayan zaman əlində çiçəklər, valideynləri yanında kilsəyə gedirdi. Kilsədən çıxdıqdan sonra dostlarının yanına gedib oyun oynayacaqdı.

'... kiliseyi de seviyordum, Anne-Babamı da sevmekteydim. Ama tam o sırada bana bir şey çarptı...
Evet, orada sokakta yatıyordum. "Bana ne çarptı, Anne-Baba?" diye bağırdım, onlara bakmak için başımı uzattım, ama orada yoklardı. Orada yoklardı işte, orada yoklardı işte... Fasulye Oyunu oynamak üzere halka olmuş beş arkadaşımdan birine bağırdım: "Yoshi, annemle babam nereye gitdiler?" Beş arkadaşım hala halka olmuş, oturuyorlardı, ama göğe bakıyorlardı, ne kıpırdadılar ne de bana cevap verdiler. Kalakalmışlardı. Sonradan öğrendiğime göre, atom bombasının ışığından hepsi kör olmuştu... 
Sol yanımda bir acı başladı. Bağırmaya başladım. Anne-Baba bir anda toz haline gelip yok olduğu için mi bağırıyordum, yoksa sol yanım çiğ et haline geldiği için mi, bilmiyorum. Ansızın açlık duydum. Yüce İsa`nın çiçeğini yedim. Sonra, bir Anne-Babama bir Yoshi`ye seslenerek yine bağırmaya başladım. Sonra da bağırdım, bağırdım. İşte O Gün böyleydi.'

'Şimdi gece yarısı. Bayan, geceleri gürültülü bir fabrika gibi oluyor beynim, makinelerini kontrol edemediğim bir fabrika gibi. Her yanımda rüyalar uçuşuyor. Bugünkü başlıklar yüzünden, çocukluğuma dair kabuslar yaşadım. Bir keloid kurbanı, arasına korkunç yüzünü saklayabileceği bir annenin yumuşak göğüslerine sahibse, duygusal bakımdan yaşayabilir. Annem paramparça olmuştu; onun için, ben yaşayamadım; bu yüzden de, aile mihrabına, annemle babamın resimlerinin yanına kendi resmimi de koydum. Çünki ben de o Gün ölmüştüm. Evet, duygusal bakımdan ölüyüm, bunu daha önce kimseye açıklamadım.'


Nishina təsəllini özü kimi bir savaş qurbanı olan, napalmdan yanmış Vetnamdaki Dana məktub yazmaqda tapır. Daha sonra Danın yanına gedir, yeməyin, əyləncənin, heçnəyin olmadığı yerdə sevgiyə sığınırlar. Lakin, bu sevgi də onları napalmın ölümə aparan dərin yaralarından qoruya bilmir. Və sonda Danın özünün adlandırdığı kimi 'balaca qızı' onun öz əllərində son nəfəsini verir.
Yazıçı insanın sağ qala bilməsi üçün əli çatan hər bir şeyi dəyərləndirmək məcburiyyətində qaldığı bir dünyanı göstərir.

'Şimdi size garip bir şey söyleyeceğim, Mile. O bombardıman gecesi, Dan`la ben ilk kere karı koca olduk. Ölülerle, can çekişenlerle sarılıydı çevremiz, hayata sıcak bir özlem duyduk. Belki de, soyumuz yok olmasın diye yaratmak istiyorduk. Mile, bunu anlaya bilir misiniz? Tabii. Dış dünya ne anlarsa anlasın, biz felakete uğrayanlar kendi davranışlarımızı anlamaktayız. Yaralıların çığlıkları arasında birbirimizi severken, Dan`la ben hayatı daha önce anlamadığımız gibi anladık...'


(Əslində bu kitab - aclığın bəşəriyyətin başına gələ biləcək ən böyük fəlakətlərdən biri olduğunu göstərən, fərqli məkanlardakı həyatlardan bəhs edən iki hissədən ibarətdir. Birinci hissə Camaykalı sadəlövh qadının qərbdəki yazıçıya yazdığı məktublar üzərinə qurulmuşdur. Ancaq, ikinci hissənin təsiri altında olduğum üçün birinci hissədən danışmağım heç gəlmədi.)

Edita Morris
How keeping, hope fine

P.S. Napalm bombası II Dünya Müharibəsi zamanı Harvard Universitetinin professoru Louis Fieser (napalmın atası) tərəfindən inkişaf etdirilmişdir.

Vetnam müharibəsinin sonlarına yaxın ABŞ daha qorxunc olan Napalm-B qarışığını ortaya çıxarır. Bu qarışığda əsas yanıcı maddə olaraq kerosindən istifadə olunur.

30 il sonra, 1972-ci ildə Fieser Prezident Nixona məktub yazaraq Napalm və Napalm tipli hərbi silahların istifadəsinin dayandırılmasının məqsədəuyğun olacağını söyləyir. Fieser Napalmı ixtira etməsinə peşman olmadığını, lakin Birləşmiş Ştatların bundan binaların, fabrikaların məhv olunmasından daha çox insanların yandırılması üçün istifadə etməsindən narahat olduğunu bildirir.



                                                          

Aug 25, 2013

Obsessiv Kompulsiv Pozğunluq

Obsessiv-kompulsiv pozuntu zamanı fikirlər psixoloji diskomfort yaradır, istəmədən insan bir şeyi 10 dəfə təkrarlamaq ehtiyacı hiss edir. Məsələn, bundan əziyyət çəkən insanlarda adətən ətraf ilə təmas əsnasında mikrob qapacağına dair qorxu kimi, əl sıxmamaq ya da köhnə binalara girməmək kimi qəribə davranışlar izlənilir. 

Neyl Hilbon (Neil Hilborn) da OKP xəstəliyi ilə mübarizə aparmaq üçün vaxtaşırı müalicə alır. Təəssüf ki, bu xəstəlik həmişəlik sağalmır. İki il əvvəl Neyl öz sevgisindən bəhs edən şeir yazır. Bir poetik yarışmada şeir ifa olunandan sonra videolar internetdə yayılmağa başlayır və gözləmədiyi halda Neyl çox məşhurlaşır.

Obsessiv-kompulsiv pozuntuların yüngül simptomlarını özümdə və bir sıra insanda müşahidə etdiyim üçün, təbii ki həm də şeirdən təsirləndiyim üçün onu tərcümə edib, paylaşmaq istədim.


Mən onu ilk dəfə görəndə
Beynimdəki bütün səslər susdu.

Gözümün önündə fasiləsiz yenilənən rəsimlər, təkrarlanan işarələr yoxa çıxdılar.
Əgər siz OKP-dən əziyyət çəkirsinizsə
İnanın ki, sizin həyatınızda sakit anlar olmur.
Hətta mən yatarkən belə düşünürəm:
Görəsən qapını bağlamışam? Hə.
Görəsən əllərimi yumuşam? Hə.
Ancaq onu görəndə, 
tək düşündüyüm şey - onun saç sancağı kimi burulmuş dodaqları,
bir də yanağına düşən kirpik idi.
Onunla danışmalıydım.
Otuz saniyə ərzində
Altı dəfə onu görüşə dəvət etdim.
Düzdür, o artıq üçüncü təklifdən sonra hə demişdi,
ancaq mən yenə də davam edirdim, çünki heç birini tam yaxşı deyə bilməmişdim.
İlk görüşümüzdə yemək yeyib, onunla söhbət etməkdənsə
yeməyi rənglərinə görə ayırmağa qarışmışdı başım.
Amma bu onun xoşuna gəlmişdi.
Hər dəfə sağollaşanda onu ən az on altı dəfə öpməli olmağım onun xoşuna gəlirdi.
Həmçinin, çərşənbə günləri müxtəlif vaxtlarda onu iyirmi dörd dəfə öpməyim də.

Evə gedən yolda çoxlu çuxurlar olduğundan bəzən evə çatmağım bütün vaxtımı alırdı. 
Amma bu da onun xoşuna gəlirdi.
Biz eyni evdə yaşamağa başlayanda o mənə deyirdi ki, özünü güvəndə hiss edir. 
Heç kim bizi heç vaxt qarət edə bilməyəcək çünki, mən qapını bağlayıb-bağlamadığımı düz on səkkiz dəfə yoxlayıram.
O danışanda mən həmişə onun dodaqlarına baxardım.
Məni sevdiyini söyləyəndə dodaqlarının kənarları yuxarıya doğru burulardı.
Gecə gəldikdə o yataqda uzanıb mənim bütün ışıqları 
söndürüb-yandırmağımı izləyərdi.
Gözlərini yumardı və günlərin necə ötüb-keçəcəyini təsvir edərdi.

Lakin bir gün...

O dedi ki, mən onun çox vaxtını alıram.
Sağollaşanda onu çox öpdüyüm üçün hər dəfə işə gecikir.
Məni sevdiyini deyəndə artıq dodaqları düz xətt kimi tərpənməzdi.
Mən səkidəki çuxurların qarşısında dayananda o yoluna davam edərdi...

Və keçən həftə o anasıgildə qaldı.
Məni özünə bu qədər öyrəşdirməməli olduğunu, 
bunun çox böyük səhv olduğunu söylədi.
Axı bu necə səhv ola bilərdi? 
Bir halda ki, mən ona toxunduqdan sonra əllərimi yumazdım.
Sevgi səhv ola bilməz axı.
Və onun bunu belə rahat inkar etməsi məni öldürür, 
çünki mən inkar edə bilmirəm.
Mən yeni münasibətlər qura bilmirəm, çünki o ağlımdan heç çıxmır.

Adətən, bir əşyaya diqqətim yönələndə, sanki dərimdə gəzən mikrobları görməyə başlayıram.
Və ucu-bucağı görünməyən maşınların arasında özümü sıxışmış hiss edirəm.
Ancaq o məni sakitləşdirən yeganə gözəl şey idi. 
Görəsən indi onu kim öpür?
Mən bilirəm ki, o onu yalnız bir dəfə öpür! Və heç düşünmür ki, bəlkə bu öpüş mükəmməl olmadı.

Elə istəyirəm ki, o qayıtsın...
Artıq qapını açıq saxlayıram
İşıqları yanılı. 


Tərcümə: Kamala Imanova




Aug 14, 2013

Yüz ilin yenilməz qalası

Kimisi üçün toxunulmazlıq abidəsi,
Yüz ilin yenilməz qalası,
Əlçatmazlıq heykəli,
Gərçək ola bilməyəcək qədər xəyal,
Körpələr yuxuya getsin deyə 
anaların səsləndiyi mələk,
Balaca qızların idealı,
Heyvanların anası.

Kimisi üçün bir anın ovuclarında əriyən qar,
Çağırılmamış gələn qonaq,
Tutulmayacaq vədlərin qurbanı,
Həm arzulanan, həm saxlanılmayan.

Kiminsə zövqünü oxşamağı özünə xəyanət saymaq.
Ən çox da xəyanətin özünə olanından qorxmaq.
Ya tam olmaq, ya heç olmaq,
Qızıl ortaya düşə bilməmək.
Ortaları sevməmək,
Ortadan başqa bir şey ola bilməyənlərin də 
sənin üçün bir yoxa çevrilməsi.


Sən onlarda həm var idin, həm yox idin
Onlar səndə var idilər və yox oldular...



Jun 11, 2013

Matilda



- Leon, deyəsən mən sənə vurulmuşam.
  Bilirsən, ilk dəfədir bu.
- Əgər heç vaxt sevməmisənsə, bunun sevgi olduğunu haradan bilirsən?
- Çünki, hiss edirəm.
- Necə? 
- Qarnımda. O həmişə istidir. Əvvəllər həmişə sancı olurdu orda amma indi...artıq yoxdur.
- Matilda, sevinirəm ki, qarnın artıq ağramır. Çünki, mən bunun sevgi olduğunu düşünmürəm...





May 18, 2013

Və mən bu dünyaya gəldim



27 yaş nənə olacağımı düşündüyüm yaş qədər uzaq gəlirdi.
27 yaşında adam olmadığını düşünürdüm. 
Bu yaşa çatanda isə ümumiyyətlə, bəzilərinin heç 50 yaşında da hələ adam olmadığını gördüm.
Anladım ki, düzgün insan olmağın yaşa, irqə, dinə, milliyətə, təhsilə, maddi və s. nüanslara heç bir aidiyyatı yoxdur.

Jhon Lennon söyləmişdir: 'Həyat-biz yeni planlar qurarkən bizimlə baş verənlərdən ibarətdir'.
Təəssüf ki, bəzən insan ömrünün çox hissəsini 'sil, başdan başla' deməklə keçirir və həyatın başlamasını gözləyir. 
Halbuki, həyat dünən başlamışdır, həyat bugündür.
Bu dünyada bizi biz edən təcrübələrimizdən daha dəyərli heçnə yoxdur.

Həyatımdan pis və ya yaxşı gəlib keçmiş hər bir insanın mənə bir şeylər qatdığına əminəm.
İncitdiklərimdən üzr istəyirəm, məni incidənləri bağışlayıram. 
Və hər kəsə özləri də bilmədən mənə öyrətdikləri hər şey üçün təşəkkür edirəm.

Nə olur-olsun, insan hər şeyin sonunda özünə dönür. 
Döndüyümüz yerin gözəl olması diləyi ilə...