Sep 29, 2011

Balaca böyük

Bir gün mən də 45-50 yaşlarında saniyələr üzündəki qırışların əleyhinə işləyən qayğılı bir qadın olacağam. Bu gün baxanda gələcəyə insan fikirləşir ki, hələ qarşıda heç bitmək bilməyən nə az nə çox düz 25 il var. Bu qədər zaman ərzində nələr-nələr etmək olar. Amma həmin qadınların da sənin yaşında ikən bütün bunları düşündükləri  ağlına gəldikdə anlayırsan ki, əslində sənin də heç nə bacarmamaq kimi böyük şansın var. "Hər yaşın öz gözəlliyi" doğurdanmı var? Yoxsa bu sadəcə təsəlli üçün deyilmiş sıradan olan bir cümlədir. Sanki, yaşımız nə qədər az idisə düşüncələrimiz bir o qədər təravətli, gələcəyə ümüdlərimiz ucsuz-bucaqsız idi. Ən əsası, biz onları əzmkarlıqla arzulamaqdan heç vaz keçmirdik. Hətta, indi  heç nəyə yaramayan ağlamaq gücünə istədiklərimizi əldə etmək elə asan idiki.  Bir dondurma üçün selə dönən gözyaşlarımızın cəmi iki damlası indi bütün həyatımıza ağlayır. Deyəsən, balaca olanda daha çox böyük idik. Ya da yanımızdakı balaca insanlar saf, siyasi yanaşmadan uzaq, kirlənməmiş, daha səmimi idilər. Biz də heç ehtiyac duymurduq dərindən düşünməyə, qorunmağa. Amma yaş artdıqca insan sanki özündə daima təhlükəsizlikdən qorunmağa ehtiyacın yarandığını hiss edir. Deyəsən, uşaqlıqdakı o balaca insanlar çox böyüdülər. Ya da mən çox balaca qaldım...

Sep 28, 2011

Hər Eşq bir Sevgidirmi?


           Biz çox vaxt sevgini ona bənzər başqa hisslərlə qarışdırırıq. Aşiq oluruq, həmin an keçirdiyimiz hisslərin dərhal sevgi olduğuna qərar veririk. Sadəcə biz insanlar sevməyi çox sevirik. Hətta, o dərəcədə ki, aşiq olduğumuz period keçsə belə hisslərimizə min bir don geyindirib sevgi adlandıraraq özümüzlə sürükləyirik. Qəlbimiz təki boş qalmasın. Amma sürükləməyi buraxdığımız zaman qəlbimiz onsuzda boş qalır. Olmayan bir şeyi yaratmaq olmur. On il səninlə qalsa da on birinci il hökman artıq olmur sənin yanında. Gərək daima mübarizə aparasan, daima çırpınasan, yoxdan var edəsən. Məgər budurmu sevgi? Bilmirəm. Deyirlər ki, sevib evlənmişdilər, amma ayrıldılar. Və yaxud da məntiqi bir evlilik idi amma zamanla sevdilər. Mən heç vaxt təəccüblənmirəm bunlara. İnsanlar arasında əsl sevgini yaradan onların şəxsiyyətidir, zahiri yox, daxili. Birlikdə olduğunuz müddətdə ayrı-ayrı qalınan zamanlardakı boşluqlara doldurulan obrazlar sizi azdırır. Vurulmaqlar keçdikdən sonra növbə gəlir şəxsiyyətə, xasiyyətlərə, əsl olanları axtarmağa və tapdıqların boşluqlara doldurduqlarınla üst-üstə düşmürsə, sevgi yaranmadan ölür. Və bir zamanlar büründüyün yalançı xəyallar səni yolun yarısında tənha qoyur.  


Sep 24, 2011

Öz donumda

Mən kiminsə hazırladığı statistikanın rəqəmlərini artırmaq üçün yaşayan, gözə görünməyən toplumun içindən biri olmağa məcbur deyiləm ki. Həm mənə həmişə statistikadan kənarda qalanlar  daha maraqlıdır. Az olmaq heç də pis olmaq demək deyil. Əksinə, elə cəmiyyətlər var ki orada tək qalmaq çoxluğun içinə düşməkdən daha yaxşıdır. Ad günümdə telefonumun yaddaşında mesajlardan yer qalmasın deyə hamının ad gününü xatırlayıb təbrik etmək də içimdən gəlmir. “Baxın, mən necə aktiv, istiqanlı bir insanam” kimi görsənəcəm deyə sözümün bitdiyi yerdə boş-boş danışmağa da ehtiyac duymuram. İnsan susduğu zaman da danışa bilər. Bəzən saatlarla davam edən uzun söhbətlərdəki bir anlıq sükut daha çox şeyi anlata bilir. Bəzən adını bilmədiyin insanla on il üz-üzə gəlib bir saniyəlik baxışmaq da daha çox şeyi anladır. Bir neçə şöhrətpərəst insanın içində hörmətli sayılmaq üçün bütün maaşımı markalara vermək fikrim də yoxdur. Mən təkcə altı illik rəfiqəmlə də kifayətlənə bilərəm. Çoxluq mənimçün heç nəyi ifadə etmir. Dostluq sayına görə yox, keyfiyyətinə görə ölçülür. Mən sadəcə “mən” olaraq qalmaq istəyirəm. Yanımdakı insanların da xeyalımdakı idealı oğurlayaraq onun donunu geyinmədən qarşıma çıxmalarını istərdim.  Əminliklə atdığım addımların sonu puç olsa da, heç nəyə bəhanə gətirmək istəmirəm. Mənim səhvlərim mənə əzizdir. Çünki, hər biri mənə onları yaşamadan öyrənə bilməyəcəklərimi öyrətdi. Çünki, hər birinin arxasında təəssüflərlə nəticələnsə belə böyük ümüdlərim dayanıb.

Sep 22, 2011

Ay və Günəş


Bu gün də bitdi,
Artıq gecədir.
Yenə bacara bilmədim,
Şəfəqlərim söndü.
Gözləyirəm səhər tez açılsın,
Gəlim.
Sabah da çalışacam gec batım.
Gecəyə kimi qala bilim.
Heç olmasa, bir an belə olsa qovuşaq,
İkimiz də eyni məkanda, eyni zamanda ola bilək.
Sən də bir az gec batmağa çalış, yaxşı?
Sən gec batmağa çalışdığın səhər
Mən də tez çıxmağa çalışacam.
Ya sən gərək səhərə gələsən,
Ya da mən gecəyə köçməliyəm.
Sən kövrək görünən Ay,
Mən həmişə şən olan Günəş.
Amma sanki, sən də daxilən şən
Mən də daxilən kövrəyəm bir az.

Sep 21, 2011

Bir boşluqdan o biri boşluğa

Özümü atıram bir boşluqdan o biri boşluğa. 
Sən həmişə ağlımda qalacaqsan kimi gəlir. 
Amma sanki səni xatirələrdə yaşatmaq daha rahatdır. Deyəsən, cüt ola bilməyəcək qədər təkəm. 
Mən də elə bilirdim ki, riskləri sevmirəm.
Demək ki, insan özü də özünü tam tanımaya bilərmiş. İnsan özünü də təəccübləndirə bilərmiş.
Ey həyat, daha nələrin baş verəcəyini bilmədiyim üçün çox maraqlısan.
Sanki, oyun oynayırıq səninlə, bir ipucu qoparmağa çalışıram.
Və artıq səndən qorxmamağı öyrənmişəm.
Göz görə-görə sonda peşmanlıqlarımla tənha qalmaq ehtimalı olan bir yola doğru gedirəm.
Bəlkə də məğlub oluram.
Amma mübarizə aparmağın üstümdəki yorğunluğunu artıq məğlubiyyətlə belə əvəz etməyə hazıram.
İnsan bəzən də dərin düşünmədən addım atmaq istəyir.
Hər şeyi həyatın gedişatına buraxmaq.
Birdən çatdırmaram həyəcanı bizi yanlış ünvanlara aparır.
Əşyalarımızı yığıb getmək istəyəndə isə qonaq deyil artıq bu evin daimi sakininə çevrildiyimizi anlayırıq.


Sep 20, 2011

Tələsərək gecikmək və ya Geriyə aparan Irəli

              Bugün özümdən balaca qızlarla birlikdə idim. 18-19 yaşları olardı. Üzlərinə baxırdım, elə saf idilər və elə təravətli, çiçək kimi. Dayanmadan gülürdülər. Çox asan, adi şeylərə belə gülə bilirdilər. Hələ indi-indi sanki özlərini tapırdılar. Hər şeyin ilki, bu dövrlərini yaşayırdılar. Və hiss elədim ki, mən bu dövrü artıq keçib gedirəm. Sanki, mən onların arzuladıqlarını arzulamıram. Qəribədir, mən səhvlərim üzərində öyrəndiyim perioddayam, onlarsa hələ mənim səhvlərimi kiçicik ömürlərinin ən doğru qərarı kimi arzulamaqdadırlar. Mən isə sanki özümü həmin dövrlərdə bir yerdə qoyub gəlmişəm. Və bugünə kimi baş verən elə bir şey olmayıb ki, insandan bir şeyləri alıb aparmasın və yenilərini gətirməsin. Mən hardayam bugün? Tapa bilmirəm özümü. Tələsdiyim üçün gecikmək qorxusu daşıyıram daima. Elə bir zamana gəlir ki insan özü özündən yorulur bəzən. İçindəki "məni"ni istirahətə göndərmək, beynini başından uzaqlaşdırmaq istəyir. Toyuq buzxanada donduğu kimi hissləri donur. Hər yolun ortasında dayanmağa məcbur olur, və düşünür: geri yoxsa irəli? Görəsən bu geri məni irəliyə aparacaqmı?! Bəs bu irəli birdən məni geriyə salmazmı?!

Sep 19, 2011

Necəsən?

             Doğurdan da deyəsən biz qızlar analarımızın taleyini yaşayırıq. Onlar kimi susuruq, onlar kimi bizim də göz yaşlarımızı ancaq özümüz görürük. "Bizi sevənlər"sə taleyimiz üzərindən eqoistcə davranaraq öz arzularını həyata keçirirlər. Mənasız arzuların, məntiqsiz niyyətlərin qurbanına çevrilirik... Çox acımasızca hisslərimizi tapdalayırlar. Halbuki, hissləri ölmüş insan cansız bir əşya kimidir. Axı sən əşyasan. Əşya ilə isə söhbət etmirlər, sadəcə öz ehtiyaclarına uyğun istifadə edirlər.  Hara qoyursan orda da qalır, arada bir tozunu alırlar. Daha soruşan yoxdur, necəsən? Nə istəyirsən? Hə, onsuz da axı bizdə necəsən sualı çox vaxt əhval-ruhiyyəni bildirən sual kimi başa düşülmür. Bəzən salam verməmiş də necəsən? soruşa bilərlər (xala xətri qalmasın). Sən də "yaxşı" ya "pis" cavab verməmiş başqa suala keçirlər. Əgər maraqlı deyilsə mən necəyəm niyə bu sual verilir ki?!

Sep 18, 2011

Sabah


           Nə yaxşı ki, sabahlar var. Bugünləri dünən eləyən sabahlar. Düşünəndə ki, sabah var daha çox güclənirəm, başa düşürəm ki, bu gün yalnız bu gündür, sabah olmayacaq, sabah hər şey başqa ola bilər. Bu gün yaşadığım çətinliklər isə bundan əvvəlki bugünlərdə yaşadıqlarım kimi dünən dediyimiz günlərdə qalan xatirədən başqa bir şey deyildir. Bugünlər də dünənlərə çevriləcək. Sabahı gözləmək çox  çətindir, amma düşünəndəki hər sabah bir dünən olacaq, necə ki, hər dünən bir sabah idi və bugünə dünən deyə biləcəyimiz bir günün gələcəyinə inandığımız zaman hər şey daha rahat olur. Nəticədə bütün bunlar dünən olacaq.

Ümid



Deyirsən ümid etmə daha.
Axı necə etməyim?
Bir halda ki, ətrafda baş verən hər bir şey məni ümid etməyə səsləyir.
Necə ki, gecə düşür və bəzən ürəyimiz sıxılır, sanki səhər heç açılmayacaq.
Ama səhər açılır.
Yarpaqlar töküləndə necə ki, ağaclar ümidlərini itirmirlər yenidən yarpaqların açacağına,
Mən də itirmirəm.
Necə ki, uşaq ikən hər addım başı yıxılardıq, amma indi hamımız ayaqlarımızın üstündə dayana bilirik.
Gülməlidir, biz onda ümidsüzlüyün nə demək olduğunu heç bilmirdik və necə də xoşbəxt idik.

http://www.youtube.com/watch?v=v50ssOqGKJM&feature=related

Çəhrayı

             Sənin çəhrayı arzuların qalır çəhrayı illərdə. Heç kim fərqində deyil sənin büründüyün rəngin çəhrayı olduğunun. Hər kəs sənə öz ruhunun rəngindən baxacaq. Hələ-hələ bir səhv etmisənsə, artıq çəhrayını seçmək haqqın belə yoxdur. Əməlcə onlardan, ruhən başqalarındansan. Əməlcə böyük, ruhən balaca, çox balaca, körpəsən. Qarların altında qalan, dik dayanmış amma şaxtadan titrəyən, əzilən dağ kimi dağlara bənzəyirsən. Hönkür-hönkür ağlamaq üçün yayın gəlməsini gözləyirlər. Qarlar əriyəndə heç kim şübhələnməyəcək, onlar da ürəklərini boşaldacaqlar. Mən də onlar kimiyəm bir az. Gözləyirəm ki, xətrimə dəysinlər, oturum çoxlu-çoxlu ağlayım səhvlərimə, günahlarıma, uğursuzluqlarıma, seçimlərimə, incitdiklərimə... Onlar da düşünsünlər ki, xətrimə dəydikləri üçün ağlayıram.