Nov 20, 2011
Gələcəyimin keçmişi
Oct 28, 2011
Qayıqlarımı batırdım
Yenisini də düzəltmək istəmirəm.
Ona görə yox ki, bacarmaram, əmin deyiləm ki, dəyər zəhmətimə.
Çünki, inanmıram ki, dənizin o biri sahili fərqli olacaq.
Bu dəfə sadəcə sahilin kənarında əyləşib başqalarının qayıqlarını izləyəcəyəm.
Bəziləri əlbəttə ki, dəfələrlə aşacaqlar,
bəziləri bütün dalğaları aşacaqlar,
bəziləri də sadəcə batmadıqlarını göstərmək üçün olduqları yerdə tərpənmədən duracaqlar.
Və heç zaman nə aşmanın,
nə dalğalarla üzləşmənin
və nə də dənizin digər sahillərinin olduğunu biləcəklər.
Yorğun deyiləm, gücüm də var, sadəcə onu işlətmək istəmirəm.
Kövrəlirəm, əslində göz yaşlarım da qalıb ehtiyatda, sadəcə, ağlamağa həvəsim yoxdur.
Məğlub deyiləm, qalib də, orta bir yerdəyəm.
Nə kiməsə məsləhət verəcək qədər ağıllıyam, nə də kimsə mənə məsləhət verəcək qədər ağıllıdır.
Nə yazmaq, nə danışmaq, hər mənada susmaq istəyirəm.
Heç kim də danışmasın.
Sakitliyin səsini dinləyək...
Gələcəyə dair planlar da qurmayacağam.
Çünki, nə həyata keçənlər məni xoşbəxt etdi, nə də keçməyənlər bədbəxt.
Xilaskara ehtiyacım yoxdur, yalançı qəhrəmanlıqları özlərinə qalsın.
Yoxsa yenə düzüləcəklər sıraya riyakar simalarıyla.
Bir az da həyatın mənə dair qurduğu planları izləmək istəyirəm.
Artıq dalğaların vuruşuna dayanacaq qədər güclüyəm, amma kövrək ləpələri addımlarımla incitməyə qıymayacaq qədər zəifəm hələ də...
Oct 18, 2011
Təcrübənin dezavantajı
İlk iş yerimdə kollektivdə ən kiçik mən idim. Hətta mənə nisbətən daha böyük işçiylə belə aramızda 5-6 il yaş fərqi var idi. Buna elə öyrəşmişdim ki, sonralar məndən yaşca kiçik işçilər olanda uzun müddət bu həqiqəti qəbul edə bilmirdim. Bilirəm, çox gülməli səslənir hər dəfə ofisin qapısını açmazdan öncə çoxlu dua etməyim. İngilis müdirimin sözlərini beynimdə tərcümə edənədək başa düşürmüşəm kimi gülümsəyərək başımı tərpədərdim. Yox, məqsədim aldatmaq deyildi. Sadəcə olaraq öz zəifliyimi bildirmək istəmirdim, bir tərəfdən də, gözlərimdə özümə inamsızlığı büruzə verirdim. Dünyanı necə dar görməyimdən irəli gəlirdi ki, adi bir iş hadisəsini də böyük həyəcanla danışardım. Daha sonra boş yerə həyəcanlanmaqla necə kiçildiyimi anlayaraq özüm özümə gülərdim. Amma bunlarla yanaşı qəribə səslənsə də insanın təcrübəsizliyinin xüsusi bir avantajı da var idi. Balaca olmanın arxasına sığınırdım "Səhv etmişəm? Nə olsun, mən axı balacayam. Bacarmadım? Axı ilk dəfədi, öyrənərəm də." kimi özümə təsəlli ilə haqq qazandırırdım. Və çox haqsız da sayılmazdım. Məndən yaşca, təcrübəcə böyük qadınların ayağımın altını qazmaq səylərini nə qədər çalışsam da anlaya bilmirdim. Axı kosmetikaları üzlərindən heç vaxt əksik olmayan, hündürdabanlı ayaqqabılarda dimdik yeriyən bu gözəl qadınların nə əksikliyi var idi məndən. Yanlarında özümü hündürdabanda aşa-aşa yeriyən xam məktəbli qızlar kimi hiss edirdim. Bəlkə də təcrübə gətirməklə yanaşı illərin aldığı sadəlövhlük idi axtardıqları. Bir zamanlar itirməyə çalışdıqlarımız, bir zamanlar ən çox qazanmağa çalışdıqlarımıza çevrilirlər. Bəs birdən zamanla mən də onu itirsəm? Onlardan biri olmaq qorxusuyla o mühitdən qaçaraq sadə məktəb müəlliməsi işləmək, tezliklə ailə qurub çoxlu uşaq anası olmaq istəyirdim. Onlar kimi özgüvənə sahib olub, toxunulmazlıq təəssüratı yaratmaqdan, həddən artıq iddialı olmaqdan çəkinirdim. Ambisiyalarımın məni sadə insanlardan uzaqlaşdırmasını istəmirdim. Hər şeyi məntiqlə ölçən, sevgiyə inanmayan, bir az feministləşən, möcüzələrə inamını itirən biri olmaqdan, duyğusuzlaşmaqdan qorxurdum. Amma zamanla onlara müəyyən dərəcədə haqq verdim. Bilmirəm, onları başa düşə bilməyim pis bir əlamətdir? Sadəcə anladım ki, heç vaxt konkret nümunələrə baxmaq lazım deyil, çünki, hər kəs fərdidir. Təcrübənin, illərin boynumuza qoyduğu hər bir şeyi qəbul etməyə məcbur deyilik. İlklər tükənməyib ki, özümüz də bir ilk ola bilərik. Axtardığımız nümunə çox uzaqlarda olmaya da bilər.
Oct 10, 2011
3:0 geridə

"Heç vaxt", "ola bilməz", "mümkün deyil" kimi ifadələri lüğətimdən silirəm. Bugündən geriyə baxanda yaşanılan illər gözümün qabağında üç perioda bölünür. İlk period, 19 yaşadək: "Həyat necə də gözəldir. Heç cür anlamıram, əgər insan hər səhər oyanarkən bu parlaq günəşi görə bilirsə axı necə xoşbəxt olmaya bilər. Böyüklərin daima həyatı, dünyanı yalanlamaları, danlamaları, "həyatda tam xoşbəxtlik mümkün deyil" kimi mənfi fikirləri özlərini yormur görəsən?! Ən solğun rənglər belə çəhrayı eynəklərdən necə də rəngarəng görsənir..." İkinci period, 19-25 arası: "İlk uğursuzluqdan sonra. "Hələ hər şey qabaqdadır, mən xoşbəxt olmağı bacaracağam" sevdası ilə addımlayarkən nəzərimizdə, yalnız qabağımıza çıxan yanlışları saxlayıb, digərlərini unuduruq. Nə olur-olsun səhvlər təkrarlanmasın deyə bu səfər də yenilərinin badına gedirik". Üçüncü period, 25+: "Sadəcə əmin-amanlıq istəyirəm. Üst-üstə gələn kədərlər üçün ağlamağa həvəsim qalmayıb. Narahat olmaq da içimdən gəlmir. Çünki, bilirəm ki hər çətinliyin sonu bir yüngüllükdür. Necə deyərlər, nə ki bizi öldürmür, daha da güclü edir". Və budur, başlayır öz yerində addımlayanların ucsuz-bucaqsız məsləhətləri. "Camaat nə deyər?!" başlığı altında mühazirələr... Evi süpürüb zibili xalçanın altına yığan kimi, öz cahilliyini qarşısındakının zəifliyi altında gizlədərək özünü güclü göstərən "yalançı qəhrəmanlar"... Halbuki, bizim doğrularımızı səhv sayıb, bizi öz doğrularının ardınca getməyə inandırmaq istəyənlər, vaxt gəlir bizi inandırmağa çalışdıqlarına özləri heç də inanmırlar. Başqasının həyatını izləyərək yaşayanlar bir gün yarı yolda qaldıqları zaman özlərinə aid heç bir şeyləri olmadan, hər şeyi sıfırdan başlamağa məcbur olurlar. Öz addımları ilə gedənlər isə bir gün yarı yolda qaldıqları zaman heç olmasa, onları yarı yolda qoyanın nə olduğunu bilirlər. Hətta, pis olsa belə öz mövqeyini bəlli edən insan mövqeyini bildirməyən insandan daha üstündür. Yəgin ki, onlara bir təşəkkür borcumuz var. Yalançı mövqelərin arxasına sığınmaqla müqayisədə pis mövqeyi bildirməyin özü də böyük cəsarətdir.
Sep 29, 2011
Balaca böyük
Bir gün mən də 45-50 yaşlarında
saniyələr üzündəki qırışların əleyhinə işləyən qayğılı bir qadın olacağam. Bu
gün baxanda gələcəyə insan fikirləşir ki, hələ qarşıda heç bitmək bilməyən nə
az nə çox düz 25 il var. Bu qədər zaman ərzində nələr-nələr etmək olar. Amma
həmin qadınların da sənin yaşında ikən bütün bunları düşündükləri ağlına
gəldikdə anlayırsan ki, əslində sənin də heç nə bacarmamaq kimi böyük şansın var.
"Hər yaşın öz gözəlliyi" doğurdanmı var? Yoxsa bu sadəcə təsəlli üçün
deyilmiş sıradan olan bir cümlədir. Sanki, yaşımız nə qədər az idisə düşüncələrimiz
bir o qədər təravətli, gələcəyə ümüdlərimiz ucsuz-bucaqsız idi. Ən əsası, biz
onları əzmkarlıqla arzulamaqdan heç vaz keçmirdik. Hətta, indi heç nəyə
yaramayan ağlamaq gücünə istədiklərimizi əldə etmək elə asan idiki. Bir
dondurma üçün selə dönən gözyaşlarımızın cəmi iki damlası indi bütün həyatımıza
ağlayır. Deyəsən, balaca olanda daha çox böyük idik. Ya da yanımızdakı balaca
insanlar saf, siyasi yanaşmadan uzaq, kirlənməmiş, daha səmimi idilər. Biz də
heç ehtiyac duymurduq dərindən düşünməyə, qorunmağa. Amma yaş artdıqca insan
sanki özündə daima təhlükəsizlikdən qorunmağa ehtiyacın yarandığını hiss edir. Deyəsən, uşaqlıqdakı o balaca insanlar çox böyüdülər. Ya da
mən çox balaca qaldım...
içindəkilər
yazılarım
Sep 28, 2011
Hər Eşq bir Sevgidirmi?
Biz çox vaxt sevgini ona bənzər başqa hisslərlə qarışdırırıq. Aşiq oluruq, həmin an keçirdiyimiz hisslərin dərhal sevgi olduğuna qərar veririk. Sadəcə biz insanlar sevməyi çox sevirik. Hətta, o dərəcədə ki, aşiq olduğumuz period keçsə belə hisslərimizə min bir don geyindirib sevgi adlandıraraq özümüzlə sürükləyirik. Qəlbimiz təki boş qalmasın. Amma sürükləməyi buraxdığımız zaman qəlbimiz onsuzda boş qalır. Olmayan bir şeyi yaratmaq olmur. On il səninlə qalsa da on birinci il hökman artıq olmur sənin yanında. Gərək daima mübarizə aparasan, daima çırpınasan, yoxdan var edəsən. Məgər budurmu sevgi? Bilmirəm. Deyirlər ki, sevib evlənmişdilər, amma ayrıldılar. Və yaxud da məntiqi bir evlilik idi amma zamanla sevdilər. Mən heç vaxt təəccüblənmirəm bunlara. İnsanlar arasında əsl sevgini yaradan onların şəxsiyyətidir, zahiri yox, daxili. Birlikdə olduğunuz müddətdə ayrı-ayrı qalınan zamanlardakı boşluqlara doldurulan obrazlar sizi azdırır. Vurulmaqlar keçdikdən sonra növbə gəlir şəxsiyyətə, xasiyyətlərə, əsl olanları axtarmağa və tapdıqların boşluqlara doldurduqlarınla üst-üstə düşmürsə, sevgi yaranmadan ölür. Və bir zamanlar büründüyün yalançı xəyallar səni yolun yarısında tənha qoyur.
Sep 24, 2011
Öz donumda
Mən kiminsə hazırladığı
statistikanın rəqəmlərini artırmaq üçün yaşayan, gözə görünməyən toplumun
içindən biri olmağa məcbur deyiləm ki. Həm mənə həmişə statistikadan kənarda
qalanlar daha maraqlıdır. Az olmaq heç də pis olmaq demək deyil. Əksinə,
elə cəmiyyətlər var ki orada tək qalmaq çoxluğun içinə düşməkdən daha yaxşıdır.
Ad günümdə telefonumun yaddaşında mesajlardan yer qalmasın deyə hamının ad
gününü xatırlayıb təbrik etmək də içimdən gəlmir. “Baxın, mən necə aktiv,
istiqanlı bir insanam” kimi görsənəcəm deyə sözümün bitdiyi yerdə boş-boş danışmağa
da ehtiyac duymuram. İnsan susduğu zaman da danışa bilər. Bəzən saatlarla davam
edən uzun söhbətlərdəki bir anlıq sükut daha çox şeyi anlata bilir. Bəzən adını
bilmədiyin insanla on il üz-üzə gəlib bir saniyəlik baxışmaq da daha çox şeyi
anladır. Bir neçə şöhrətpərəst insanın içində hörmətli sayılmaq üçün bütün
maaşımı markalara vermək fikrim də yoxdur. Mən təkcə altı illik rəfiqəmlə də
kifayətlənə bilərəm. Çoxluq mənimçün heç nəyi ifadə etmir. Dostluq sayına görə
yox, keyfiyyətinə görə ölçülür. Mən sadəcə “mən” olaraq qalmaq istəyirəm.
Yanımdakı insanların da xeyalımdakı idealı oğurlayaraq onun donunu geyinmədən
qarşıma çıxmalarını istərdim. Əminliklə atdığım addımların sonu puç olsa
da, heç nəyə bəhanə gətirmək istəmirəm. Mənim səhvlərim mənə əzizdir. Çünki,
hər biri mənə onları yaşamadan öyrənə bilməyəcəklərimi öyrətdi. Çünki, hər
birinin arxasında təəssüflərlə nəticələnsə belə böyük ümüdlərim dayanıb.
içindəkilər
çoxluq,
dostluq,
marka,
statistika
Sep 22, 2011
Ay və Günəş
Bu gün də bitdi,
Artıq gecədir.
Yenə bacara bilmədim,
Şəfəqlərim söndü.
Gözləyirəm səhər tez açılsın,
Gəlim.
Sabah da çalışacam gec batım.
Gecəyə kimi qala bilim.
Heç olmasa, bir an belə olsa qovuşaq,
İkimiz də eyni məkanda, eyni zamanda ola
bilək.
Sən də bir az gec batmağa çalış, yaxşı?
Sən gec batmağa çalışdığın səhər
Mən də tez çıxmağa çalışacam.
Ya sən gərək səhərə gələsən,
Ya da mən gecəyə köçməliyəm.
Sən kövrək görünən Ay,
Mən həmişə şən olan Günəş.
Amma sanki, sən də daxilən şən
Mən də daxilən kövrəyəm bir az.
Sep 21, 2011
Bir boşluqdan o biri boşluğa
Özümü atıram bir boşluqdan o biri boşluğa.
Sən həmişə ağlımda qalacaqsan kimi gəlir.
Amma sanki səni xatirələrdə yaşatmaq daha rahatdır. Deyəsən, cüt ola bilməyəcək qədər təkəm.
Mən də elə bilirdim ki, riskləri sevmirəm.
Demək ki, insan özü də özünü tam tanımaya bilərmiş. İnsan özünü də təəccübləndirə bilərmiş.
Ey həyat, daha nələrin baş verəcəyini bilmədiyim üçün çox maraqlısan.
Sanki, oyun oynayırıq səninlə, bir ipucu qoparmağa çalışıram.
Və artıq səndən qorxmamağı öyrənmişəm.
Göz görə-görə sonda peşmanlıqlarımla tənha qalmaq ehtimalı olan bir yola doğru gedirəm.
Bəlkə də məğlub oluram.
Amma mübarizə aparmağın üstümdəki yorğunluğunu artıq məğlubiyyətlə belə əvəz etməyə hazıram.
İnsan bəzən də dərin düşünmədən addım atmaq istəyir.
Hər şeyi həyatın gedişatına buraxmaq.
Birdən çatdırmaram həyəcanı bizi yanlış ünvanlara aparır.
Əşyalarımızı yığıb getmək istəyəndə isə qonaq deyil artıq bu evin daimi sakininə çevrildiyimizi anlayırıq.
Sən həmişə ağlımda qalacaqsan kimi gəlir.
Amma sanki səni xatirələrdə yaşatmaq daha rahatdır. Deyəsən, cüt ola bilməyəcək qədər təkəm.
Mən də elə bilirdim ki, riskləri sevmirəm.
Demək ki, insan özü də özünü tam tanımaya bilərmiş. İnsan özünü də təəccübləndirə bilərmiş.
Ey həyat, daha nələrin baş verəcəyini bilmədiyim üçün çox maraqlısan.
Sanki, oyun oynayırıq səninlə, bir ipucu qoparmağa çalışıram.
Və artıq səndən qorxmamağı öyrənmişəm.
Göz görə-görə sonda peşmanlıqlarımla tənha qalmaq ehtimalı olan bir yola doğru gedirəm.
Bəlkə də məğlub oluram.
Amma mübarizə aparmağın üstümdəki yorğunluğunu artıq məğlubiyyətlə belə əvəz etməyə hazıram.
İnsan bəzən də dərin düşünmədən addım atmaq istəyir.
Hər şeyi həyatın gedişatına buraxmaq.
Birdən çatdırmaram həyəcanı bizi yanlış ünvanlara aparır.
Əşyalarımızı yığıb getmək istəyəndə isə qonaq deyil artıq bu evin daimi sakininə çevrildiyimizi anlayırıq.
içindəkilər
yazılarım
Sep 20, 2011
Tələsərək gecikmək və ya Geriyə aparan Irəli
Bugün özümdən balaca qızlarla birlikdə idim. 18-19 yaşları olardı. Üzlərinə baxırdım, elə saf idilər və elə təravətli, çiçək kimi. Dayanmadan gülürdülər. Çox asan, adi şeylərə belə gülə bilirdilər. Hələ indi-indi sanki özlərini tapırdılar. Hər şeyin ilki, bu dövrlərini yaşayırdılar. Və hiss elədim ki, mən bu dövrü artıq keçib gedirəm. Sanki, mən onların arzuladıqlarını arzulamıram. Qəribədir, mən səhvlərim üzərində öyrəndiyim perioddayam, onlarsa hələ mənim səhvlərimi kiçicik ömürlərinin ən doğru qərarı kimi arzulamaqdadırlar. Mən isə sanki özümü həmin dövrlərdə bir yerdə qoyub gəlmişəm. Və bugünə kimi baş verən elə bir şey olmayıb ki, insandan bir şeyləri alıb aparmasın və yenilərini gətirməsin. Mən hardayam bugün? Tapa bilmirəm özümü. Tələsdiyim üçün gecikmək qorxusu daşıyıram daima. Elə bir zamana gəlir ki insan özü özündən yorulur bəzən. İçindəki "məni"ni istirahətə göndərmək, beynini başından uzaqlaşdırmaq istəyir. Toyuq buzxanada donduğu kimi hissləri donur. Hər yolun ortasında dayanmağa məcbur olur, və düşünür: geri yoxsa irəli? Görəsən bu geri məni irəliyə aparacaqmı?! Bəs bu irəli birdən məni geriyə salmazmı?!
içindəkilər
yazılarım
Sep 19, 2011
Necəsən?
Doğurdan da deyəsən biz qızlar analarımızın taleyini yaşayırıq. Onlar kimi susuruq, onlar kimi bizim də göz yaşlarımızı ancaq özümüz görürük. "Bizi sevənlər"sə taleyimiz üzərindən eqoistcə davranaraq öz arzularını həyata keçirirlər. Mənasız arzuların, məntiqsiz niyyətlərin qurbanına çevrilirik... Çox acımasızca hisslərimizi tapdalayırlar. Halbuki, hissləri ölmüş insan cansız bir əşya kimidir. Axı sən əşyasan. Əşya ilə isə söhbət etmirlər, sadəcə öz ehtiyaclarına uyğun istifadə edirlər. Hara qoyursan orda da qalır, arada bir tozunu alırlar. Daha soruşan yoxdur, necəsən? Nə istəyirsən? Hə, onsuz da axı bizdə necəsən sualı çox vaxt əhval-ruhiyyəni bildirən sual kimi başa düşülmür. Bəzən salam verməmiş də necəsən? soruşa bilərlər (xala xətri qalmasın). Sən də "yaxşı" ya "pis" cavab verməmiş başqa suala keçirlər. Əgər maraqlı deyilsə mən necəyəm niyə bu sual verilir ki?!
Sep 18, 2011
Sabah
![]() |
Ümid
Deyirsən ümid etmə daha.Axı necə etməyim?
Bir halda ki, ətrafda baş verən hər bir şey məni ümid etməyə səsləyir.
Necə ki, gecə düşür və bəzən ürəyimiz sıxılır, sanki səhər heç açılmayacaq.
Ama səhər açılır.
Yarpaqlar töküləndə necə ki, ağaclar ümidlərini itirmirlər yenidən yarpaqların açacağına,
Mən də itirmirəm.
Necə ki, uşaq ikən hər addım başı yıxılardıq, amma indi hamımız ayaqlarımızın üstündə dayana bilirik.
Gülməlidir, biz onda ümidsüzlüyün nə demək olduğunu heç bilmirdik və necə də xoşbəxt idik.
http://www.youtube.com/watch?v=v50ssOqGKJM&feature=related
Çəhrayı
Sənin çəhrayı arzuların qalır çəhrayı illərdə. Heç kim fərqində deyil sənin büründüyün rəngin çəhrayı olduğunun. Hər kəs sənə öz ruhunun rəngindən baxacaq. Hələ-hələ bir səhv etmisənsə, artıq çəhrayını seçmək haqqın belə yoxdur. Əməlcə onlardan, ruhən başqalarındansan. Əməlcə böyük, ruhən balaca, çox balaca, körpəsən. Qarların altında qalan, dik dayanmış amma şaxtadan titrəyən, əzilən dağ kimi dağlara bənzəyirsən. Hönkür-hönkür ağlamaq üçün yayın gəlməsini gözləyirlər. Qarlar əriyəndə heç kim şübhələnməyəcək, onlar da ürəklərini boşaldacaqlar. Mən də onlar kimiyəm bir az. Gözləyirəm ki, xətrimə dəysinlər, oturum çoxlu-çoxlu ağlayım səhvlərimə, günahlarıma, uğursuzluqlarıma, seçimlərimə, incitdiklərimə... Onlar da düşünsünlər ki, xətrimə dəydikləri üçün ağlayıram.
Subscribe to:
Comments (Atom)










